İQTİSADİYYAT


Hesablama Palatasında Tvinninq layihəsinin IV Komponenti üzrə missiyası ilə görüş keçirilib

Bakı, 18 yanvar, AZƏRTAC

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov İnstitusional və Administrativ Potensialının Gücləndirilməsi üzrə Tvinninq layihəsinin həyata keçirilməsi çərçivəsində yanvarın 18-də layihənin IV Komponenti üzrə missiyası ilə görüşüb.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Hesablama Palatası sədrinin müavini Adil Məhərrəmov, layihə rəhbəri və Polşa Ali Audit Ofisinin vitse-prezidenti Voyçex Kutyla və IV Komponent rəhbəri Yaçek Jezierski və missiyanın digər üzvləri də iştirak edib. Tvinninq layihəsi üzrə üzv layihə rəhbəri, eyni zamanda, birinci Komponent rəhbəri V.Kutyla bu günədək görülmüş işlər barədə məlumat verib və IV Komponent çərçivəsində keçirilmiş tədbirlə bağlı öz fikirlərini bölüşüb.

Daha sonra IV Komponent rəhbəri Y.Jezierski yanvarın 16-17-də təşkil edilmiş ikigünlük seminarlarda Hesablama Palatasının vəzifə, səlahiyyət və funksiyaları və müasir dünyada ali audit qurumun əsas rolu və vəzifələri, əsas fəaliyyət sahələri, palatanın Azərbaycan Respublikasında dövlət təşkilatları içərisində mövqeyi, əsas vəzifə, öhdəlikləri və audit fəaliyyəti ilə bağlı seçilmiş məsələlər barədə təqdimat edildiyini bildirib. Təmsil olunan təşkilat nümayəndələrinin də seminarlarda fəal iştirak etdiyi vurğulanıb. O, eyni zamanda, 2019-cu ildə növbəti silsilə seminarların keçiriləcəyini deyib və rəhbərlik etdiyi komponent çərçivəsində bilik, təcrübə mübadiləsi məqsədilə Polşa Ali Audit Qurumuna təlim səfərinin planlaşdırıldığını da qeyd edib.

Görüşdə, həmçinin bu ilin mart ayında Milli Məclisdə deputatlar ilə Hesablama Palatasının vəzifə, səlahiyyət və funksiyaları barədə görüşlərin təşkil edilməsi, təqdimatların məzmunu və formatı məsələləri müzakirə edilib.

Hesablama Palatasının sədri əsas maraqlı tərəflər ilə münasibətlərin idarə edilməsi sahəsində müvafiq biliklər əldə etmək baxımından ayrı-ayrı büdcə təşkilatlarında çalışan əməkdaşlar üçün palatanın vəzifə, səlahiyyət və funksiyalarına dair seminarların keçirilməsinin, bununla birgə əməkdaşlıq əlaqələrinin daha da formalaşdırılması baxımından əhəmiyyətini vurğulayıb.

V.Gülməmmədov missiya üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, Tvinninq layihəsi çərçivəsində əməkdaşlığın Polşa Ali Audit Qurumu ilə birgə əməkdaşlıq münasibətlərinin inkişafına müsbət təsirini bir daha vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.