İQTİSADİYYAT
Hesablama Palatasında Ulu Öndərin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş toplantı keçirilib
Bakı, 6 may, AZƏRTAC
Mayın 6-da Hesablama Palatasında müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş toplantı keçirilib.
Palatadan AZƏRTAC-a bildirilib ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qurumun yaradılmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib, xalqı və dövləti qarşısında müstəsna xidmətləri olan, XX əsrin sayılıb-seçilən dövlət xadimləri arasında öz dühası ilə seçilən, yorulmaz fəaliyyəti və zəngin həyat yolu ilə yaddaşlarda əbədiyyət qazanmış Ümummilli Liderin əziz xatirəsinin ehtiramla yad edildiyini deyib.
Sonra müasir müstəqil Azərbaycanın qurucusu olan unudulmaz liderin həyat və siyasi dövlətçilik fəaliyyətinə həsr olunmuş film nümayiş edilib.
Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev Ulu Öndərin zəngin siyasi irsi, şərəfli həyat və fəaliyyəti barədə danışıb, ömrünü xalqımızın, dövlətimizin tərəqqisinə həsr edən Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə milli maraqları və xalqın mənafeyini hər şeydən uca tutduğunu, müstəqilliyimizin və dövlətçiliyimizin, demokratiyanın gücləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün yorulmadan, fədakarlıqla çalışdığını qeyd edib. O, Azərbaycanın müstəqilliyinin və inkişafının yeni mərhələsinin təməlini qoyan, ölkəni vətəndaş müharibəsi təhlükəsindən, dövlət çevrilişinə cəhdlərdən xilas edən müdrik və qətiyyətli dövlət xadimi, əvəzolunmaz şəxsiyyət Heydər Əliyevin hər zaman sonsuz ehtiramla xatırlandığını və daim xatırlanacağını bildirib.
Tədbirdə dahi şəxsiyyət Heydər Əliyevin müdrik siyasi uzaqgörənliklə Azərbaycanın müasir modelini müəyyən etdiyi, modernləşdirdiyi, Ümummilli Liderin ölkədə həyatın bütün sahələrində silinməz izlər qoyduğu vurğulanıb.
Sonda Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin davam etdirildiyi qeyd olunub və Yeni Azərbaycan Partiyasının yeni üzvlərinə partiya vəsiqələri təqdim edilib.