İQTİSADİYYAT
Hesablama Palatasında nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə edilib
Bakı, 31 yanvar, AZƏRTAC
Hesablama Palatasının kollegiya iclasında həyata keçirilmiş bir sıra nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hesabatlar Gənclər və İdman Nazirliyinin tabeliyində olan idman kompleksləri üzrə daxilolmaların və xərclərin icrasına, dövlət borcunun formalaşması və ona xidmət edilməsinə, "Formula 1" yarışının keçirilməsinə ayrılan vəsaitlərin icrasına dair məsələləri əhatə edib.
İclasda hər bir nəzarət tədbiri üzrə auditor hesabatı barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının göndərilməsi və Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb. Həmçinin iş planı ilə nəzərdə tutulmuş bir neçə kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqramlar müzakirə edilərək təsdiq olunub.