İQTİSADİYYAT
Hesablama Palatasında nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
Bakı, 15 aprel, AZƏRTAC
Hesablama Palatasının növbəti kollegiya iclasında həyata keçirilmiş bir sıra nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə edilib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hesabatlar dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyə ayrılan vəsaitlərin istifadəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrası, Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin və məcburi dövlət sosial sığortası üzrə gəlirlərinin və xərclərinin icrasını əhatə edib. Kollegiya iclasında hər bir nəzarət tədbirləri üzrə auditor hesabatı barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının göndərilməsi və Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.
İclasda, həmçinin iş planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti tədbiri ilə bağlı proqramlar müzakirə olunaraq təsdiqlənib.