İQTİSADİYYAT
Hesablama Palatasında nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub
Bakı, 19 iyul, AZƏRTAC
Hesablama Palatasının kollegiya iclasında həyata keçirilmiş bir sıra nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kollegiya iclasında Azərbaycan Milli Kitabxanasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair; dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Gənclər və İdman Nazirliyinə ayrılan vəsaitlərin istifadəsinə dair; Dünya Bankından kreditlər cəlb edilməklə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri - II" layihəsi üzrə vəsaitlərin istifadəsinə dair; dövlət büdcəsindən Azərbaycan Respublikasının Çex Respublikasındakı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin istifadəsinə və dövlət rüsumlarının tutulmasına dair auditin nəticələrinə dair müzakirələr aparılıb.
İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiqlənib. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.
İclasda aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib, həmçinin Hesablama Palatasının iş planında nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı proqramlar təsdiq olunub.
Kollegiya iclasında INTOSAI-ın (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) Dövlət Borcu üzrə İşçi Qrupunun iyulun 11-13-də Hindistanın Heydərabad şəhərində keçirilən illik iclasında iştirakı ilə bağlı dövlət investisiyalarının auditi şöbəsinin əməkdaşı Elvin Hacıyevin məruzəsi dinlənilib.