İQTİSADİYYAT
Hesablama Palatasının 15 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib
Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 15-də Azərbaycan Respublikası Hesablama Palatasının 15 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaq keçirilib.
Azərbaycanın dövlət himni səsləndirilkdən sonra palatanın 15 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Palatadan AZƏRTAC-a bildiriblər ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov palatanın fəaliyyətinə göstərilən diqqət və qayğıya, əməkdaşlarını Hesablama Palatasının yaradılmasının 15 illiyi ilə əlaqədar və qurumun fəaliyyətində xidmətlərinə görə yüksək dövlət mükafatları ilə təltif etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. V.Gülməmmədov dövlət idarəetməsinin səmərəliliyinin, hesabatlılığının, nəticəliliyinin və şəffaflığının inkişaf etdirilməsində və ümumi mənafe üçün dövlət vəsaitlərinin effektiv yığılması və istifadəsində palatanın öz funksiyalarını hərtərəfli yerinə yetirməsinin təmin olunmasını qarşıda duran əsas hədəf olaraq göstərib, hazırda palatada həyata keçirilməsinə başlanılan keyfiyyətcə yeni - səmərəlilik auditi vasitəsilə dövlət idarəçiliyinin qənaətliliyinə, effektivliyinə və nəticəliliyinə nəzarətin bu məqsədə aparan başlıca yol olduğunu vurğulayıb.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyə Hesablama Məhkəməsinin Prezidenti Seyid Əhməd Baş, Hesablama Palatasının ilk sədri Namiq Nəsrullayev və 2007-2013-cü illərdə Hesablama Palatasına rəhbərlik etmiş kənd təsərrüfatı naziri Heydər Əsədov yubiley münasibətilə təbriklərini çatdırıb, palatanın fəaliyyətini yüksək qiymətləndirərək 15 il ərzində aparılan təşkilati, nəzarət-audit, analitik və metodoloji işlər nəticəsində maliyyə pozuntuları və korrupsiya ilə mübarizədə əhəmiyyətli nəticələr əldə etdiyini diqqətə çatdırıblar.
Qonaqlar bu institutun dövlətin stabilliyi və inkişafı üçün dövlət vəsaitlərindən qanunvericiliyin tələblərinə uyğun şəkildə səmərəli istifadə edilməsi üzərində obyektiv ictimai nəzarəti həyata keçirmək məqsədinə nail olduğunu, bu sahədə əhəmiyyətli uğurlar əldə etdiyini vurğulayıblar.
Yığıncaqda beynəlxalq və xarici ali audit qurumlarının palataya səmimi arzuları ifadə edilən yubiley təbrikləri oxunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Sərəncamı ilə ölkənin orden və medallarına, dövlət qulluğu rütbəsinə layiq görülən palata əməkdaşlarının təltif olduqları mükafatlar və dövlət qulluğu rütbəsinin vəsiqələri təqdim edilib, 15 illik yubileylə əlaqədar Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun əmri ilə palatanın Fəxri fərman və təşəkkürnaməsinə layiq görülmüş əməkdaşları mükafatlandırılıb, həmçinin uzun müddət palatada çalışan işçilərə yubiley hədiyyələri verilib.
Yığıncaqda, həmçinin Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən, maliyyə məsələləri üzrə mütəxəssisi Tural Camalov, Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Malena Mard, proqram meneceri Olaf Heydelbax və İsveçrə İqtisadi Əməkdaşlıq Təşkilatının regional direktorunun müavini Simona Haberli iştirak ediblər.