İQTİSADİYYAT
Hesablama Palatasının Tvinninq Layihəsinin İdarəetmə Komitəsinin toplantısı keçirilib
Bakı, 12 dekabr, AZƏRTAC
Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası Hesablama Palatasının İnstitusional və Administrativ Potensialının Gücləndirilməsi üzrə Tvinninq Layihəsinin İdarəetmə Komitəsinin 4-cü toplantısı keçirilib.
Toplantıda Benefisiar ölkə və üzv dövlətin layihə üzrə komponent rəhbərləri, layihə rəhbərləri, rezident Tvinninq məsləhətçisi və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin və Proqram İdarəetmə Qurumunun nümayəndələri iştirak ediblər.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, üzv dövlətin layihə üzrə rezident Tvinninq məsləhətçisi Pyotr Qostinski layihə çərçivəsində görülmüş işlər barədə danışıb, bu ilin iyun və iyul aylarında 2 və 3-cü komponentləri olan maliyyə, uyğunluq və səmərəlilik auditləri çərçivəsində Polşa Milli Audit Ofisi və Krakov Regional Ofisində keçirilmiş təlim səfərləri, Hesablama Palatasında bütün komponentlər üzrə baş tutmuş 6 missiya zamanı fəaliyyətlərin məqsədləri və nəticələri barədə məlumat verib və layihənin icrası ilə bağlı 4-cü hesabatı təqdim edib. P.Qostinski 2019-cu il üçün planlaşdırılmış tədbirlərdən də söz açıb.
Daha sonra maliyyə və uyğunluq auditi üzrə 2-ci Komponent çərçivəsində növbəti missiya çərçivəsində Hesablama Palatasına səfər etmiş Polşa Ali Audit Ofisinin eksperti Vieslav Kurzika 2-ci komponent çərçivəsində baş tutmuş missiyalar və görülmüş işlər barəsində danışaraq Tvinninq layihəsi çərçivəsində maliyyə və uyğunluq auditi üzrə auditor rəyinin və hesabatının hazırlanmasının beynəlxalq standartlara uyğunluğu, praktik istiqamətdə aparılan auditlər barəsində fikirlərini paylaşıb. V.Kurzika maliyyə və uyğunluq auditi üzrə Hesablama Palatası tərəfindən hazırlanmış metodoloji sənədlərin ekspertlər tərəfindən nəzərdən keçirildiyini və müvafiq fikirlərin növbəti missiyalarda bildiriləcəyini qeyd edib.
Digər komponent rəhbərləri toplantının Hesablama Palatası üçün vacibliyini vurğulayıb və görüləcək işlərlə bağlı öz gözləntilərini qeyd ediblər.
Sonra layihə çərçivəsində növbəti ildə həyata keçiriləcək fəaliyyət barəsində fikir mübadiləsi aparılıb.