İQTİSADİYYAT


Hesablama Palatasının əməkdaşı Vaşinqtonda konfransda iştirak edib

Bakı, 1 oktyabr, AZƏRTAC

Hesablama Palatasının dövlət borcunun təhlili, maliyyə-kredit fəaliyyətinin və dövlət əmlakının idarə olunmasının auditi şöbəsinin baş məsləhətçisi Həsən Nəcəfzadə Vaşinqtonda Asiya İnkişaf Bankı və İnter-Amerika İnkişaf Bankı ilə birgə təşkil edilmiş Qlobal Dövlət Satınalmaları üzrə "Rəqəmsal Sərhədə Doğru" və IV illik Asiya və Sakit Okean regionunun "Dövlət Elektron Satınalmaları Şəbəkəsi" mövzularında təşkil edilmiş konfranslarda iştirak edib.

Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə 93 ölkədən 300 nəfərdən artıq satınalma üzrə mütəxəssis təmsil olunub.

"Rəqəmsal Sərhədə Doğru" adlı konfransda İnter-Amerika İnkişaf Bankının vitse-prezidenti Alexandre Meira da Rosa bu kimi görüşlərin təcrübə mübadiləsi baxımından yüksək əhəmiyyətliliyini və eyni zamanda, dövlət satınalmaları prosedurlarının elektron texnologiyaların tətbiqi ilə sadələşdirilməsi və operativliyin təmin olunmasının zəruriliyini bildirib.

Xüsusi olaraq qeyd edilib ki, rəqəmsal transformasiya bir çox sahələrə, o cümlədən dövlət satınalmaları sisteminə də müsbət təsir göstərməkdədir. Bir müddət əvvəl dövlət satınalmalarının inzibati funksiyadan daha strateji funksiyaya keçidi barədə, hazırda isə rəqəmsal inqilabın satınalmaların tamamilə məlumat əsaslı fəaliyyətə köçürülməsi potensialı üzərində müzakirələr gedir. Rəqəmsallaşma və yeni texnologiyaların istifadəsi satınalma prosesinin daha da effektiv həyata keçirilməsinə imkanlar yaradır.

Sonda "Dövlət Satınalmaları Sistemində Rəqəmsal İnqilab" adlı Deklarasiya imzalanıb.

IV illik Asiya və Sakit Okean regionunun "Dövlət Elektron Satınalmaları Şəbəkəsi" adlı konfrans isə Asiya İnkişaf Bankının satınalma, kredit portfeli və maliyyə idarəetmə departamentinin baş direktoru xanım Riza Jijia Tenq tərəfindən giriş sözü ilə çıxışından sonra davam edib. İclasda çıxış edənlər sırasında Asiya İnkişaf Bankının, Gürcüstanın, Qazaxıstan, Qırğızıstanın, Taylandın, Hindistanın və digər ölkələrin dövlət satınalmaları üzrə mütəxəssisləri elektron dövlət satınalmaları sahəsində əldə etdikləri təcrübələr haqqında məruzələr ediblər.

Ətraflı müzakirələrdən sonra İngiltərə və Hindistan nümayəndələri dövlət və qeyri-dövlət təşkilatlarında elektron satınalma sisteminin qurulması üçün bir neçə proqram təminatlarının təqdimatını ediblər.

Sonda Asiya İnkişaf Bankı tərəfindən dərc olunan "Elektron Satınalmalar üzrə Təlimat" təqdim edilib və onun bankın saytında (www.adb.org) yerləşdirilməsi haqqında məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.