İQTİSADİYYAT
Hesablama Palatasının əməkdaşı beynəlxalq videokonfransda iştirak edib
Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 14-də MDB-yə üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanları üçün Standartların hazırlanması üzrə İşçi Qrupun XIII toplantısı videokonfrans formatında keçirilib.
Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qurumu videokonfransda Sosial müdafiə və sosial təminat sahələrinin auditi şöbəsinin müdiri Ramiz Qənizadə təmsil edib.
Videokonfransda bir sıra məsələlər üzrə müzakirələr aparılıb: birgə və paralel nəzarət və ekspert-analitik tədbirlərin (auditlərin) keçirilməsinin keyfiyyətinə nəzarətin aparılmasına dair metodiki tövsiyələrin layihəsinin təqdimatı, "MDB-yə üzv olan dövlətlərin Ali Maliyyə Nəzarəti Orqanlarının məlumat mübadiləsi istiqamətində əməkdaşlığı" Standartının yenilənmiş versiyasının təqdimatı, investisiyaların auditi üzrə metodoloji sənədlərin işlənib hazırlanması məsələsinin müzakirəsi.
Konfransın sonunda qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə qeyd edilən istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəlinib.
Qeyd edək ki, videokonfransda üzv dövlətlərdən Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus, Moldova və s. ölkələrin Ali Audit Qurumlarının əməkdaşları iştirak ediblər.