İQTİSADİYYAT
Hesablama Palatasının əməkdaşları Belqradda beynəlxalq təlimdə iştirak ediblər
Bakı, 9 sentyabr, AZƏRTAC
Hesablama Palatasının əməkdaşları - İcmal-analitik şöbənin müdiri Vəfa Mütəllimova, Analitik hesabatlar və icmallaşdırma sektorunun müdiri Sənay Paşayev, Beynəlxalq əməkdaşlıq və Ali audit qurumları (AAQ) ilə əlaqələr sektorunun müdiri Fərqanə Əliyeva Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) İnkişaf Təşəbbüsü (IDI) tərəfindən Belqradda keçirilən növbəti təlimdə iştirak ediblər.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlim AAQ-ların Fəaliyyətinin Qiymətləndirilməsi Çərçivəsinin (SAI PMF) icmal mərhələsinə həsr edilib və IDI nümayəndələri tərəfindən idarə olunub.
Təlimdə SAI PMF-in bütün domenləri (Müstəqillik və Hüquqi Çərçivə, Daxili İdarəetmə və Etika, Audit Keyfiyyəti və Hesabatlılıq, Maliyyə İdarəetməsi, Aktivlər və Dəstək Xidmətləri, İnsan Resursları və Təlim, Əlaqə və Maraqlı tərəfdaşlarla idarəetmə) üzrə görülmüş işlər, hər domen üzrə əsas güclü və zəif tərəflər, eyni zamanda, fəaliyyətin keyfiyyət baxımından qiymətləndirilməsi və bu qiymətləndirilmənin Strategiya, Performansın Ölçülməsi və Hesabatlılıq (SPMR) çərçivəsində istifadə edilməsi üzrə təqdimatlar edilib və qrup çalışmaları aparılıb.
Qeyd edək ki, bu proqramın əsas məqsədi ali audit qurumlarının potensialının inkişaf etdirilməsi ilə ISSAI 12-yə (Ali Audit Qurumlarının dəyər və üstünlükləri – vətəndaşların həyat səviyyəsinin yüksəldilməsi) uyğun olaraq AAQ-ların cəmiyyətin rifah səviyyəsinin yüksəldilməsində rolunun gücləndirilməsidir. Bu zaman qurumun fəaliyyətində yuxarıda qeyd edilən domenlər üzrə güclü və zəif tərəfləri müəyyən etməklə müxtəlif inkişaf göstəricilərinin müqayisəsi təmin edilir. Belə qiymətləndirmə AAQ-ların Strateji İnkişaf Planının tərtibi üçün xüsusi əhəmiyyət daşımaqla yanaşı, sonradan həmin planların icrası nəticəsində əldə edilmiş uğurları ölçmək imkanı verir. Eyni zamanda, ISSAI 12-nin tələblərinə uyğun müəyyən edilmiş 3 məqsəd və 12 prinsipin tətbiq səviyyəsi dəyərləndirilir ki, bu da AAQ və cəmiyyət, həmçinin digər tərəfdaşlar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə imkan verir.