İQTİSADİYYAT
Hesablama Palatasının əməkdaşları Osloda təlim kursunda iştirak ediblər
Bakı, 11 mart, AZƏRTAC
Hesablama Palatasının əməkdaşları Ali Audit Qurumlarının (AAQ) Fəaliyyətinin Qiymətəndirilməsi Çərçivəsi üzrə təlim kursunda iştirak ediblər.
Palatadan AZƏRTAC-a bildirilib ki, Hesablama Palatasının əməkdaşları - icmal-analitik şöbənin müdiri Vəfa Mütəllimova, analitik hesabatlar və icmallaşdırma sektorunun müdiri Sənay Paşayev və ali audit qurumları ilə əlaqələr sektorunun müdiri Fərqanə Əliyeva “INTOSAI” təşkilatının İnkişaf Təşəbbüsləri (IDI) tərəfindən Osloda keçirilən təlimdə iştirak ediblər. Bu təlim AAQ-ların fəaliyyətinin qiymətəndirilməsinə həsr edilib. Təlim IDI nümayəndələri tərəfindən idarə olunub.
Təlimdə Fəaliyyətin Qiymətləndirilməsi Çərçivəsi (FQÇ) ilə bağlı ümumi məlumatlar verilib, bu qiymətləndirmənin özünüqiymətləndirmə, kənar AAQ tərəfindən qiymətləndirmə və kənar ekspert tərəfindən qiymətləndirmə vasitəsilə həyata keçirilməsinin mümkün olduğu qeyd olunub.
Diqqətə çatdırılıb ki, qiymətləndirmə üsulunun seçilməsi ilə bağlı qərar AAQ rəhbəri tərəfindən qəbul edilir və nəticələrə dair hesabat IDI-ya kənar baxış üçün göndərilir. Bu qiymətləndirmənin aparılmasında əsas məqsəd AAQ-ların inkişaf etdirilməsi ilə cəmiyyətin rifah səviyyəsinin yüksəldilməsində rolunun gücləndirilməsidir. Bu zaman qurumun fəaliyyətində güclü və zəif tərəfləri müəyyən etməklə müxtəlif zaman kəsiyində inkişaf göstəricilərinin müqayisəsi təmin edilir. Qiymətləndirmə müstəqliik və hüquqi çərçivə, daxili idarəetmə və etika, auditin keyfiyyəti və hesabatlılıq, maliyyə idarəetməsi, aktivlər və dəstək xidməti, kadr potensialının inkişafı, maraqlı tərəflərlə əlaqələr və kommunikasiya nöqteyi-nəzərindən həyata keçirilir. Belə qiymətləndirmə, AAQ-ların Starteji İnkişaf Planının tərtibi üçün xüsusi əhəmiyyət daşımaqla yanaşı, sonradan həmin planların icrası nəticəsində əldə edilmiş uğurları ölçmək imkanı verir. Eyni zamanda, ISSAI 12-nin tələblərinə uyğun müəyyən edilmiş 3 məqsəd və 12 prinsipin tətbiq səviyyəsi dəyərləndirilir ki, bu da AAQ və cəmiyyət, həmçinin digər tərəfdaşlar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə imkan verir. AAQ-ların fəaliyyətinin dəyərləndirilməsi hesabatlılılq və şəffaflığın təmin edilməsində mühüm addımdır.