İQTİSADİYYAT
Hesablama Palatasının əməkdaşları üçün təlimlərə başlanılıb
Bakı, 16 iyun, AZƏRTAC
Hesablama Palatasının əməkdaşlarının beynəlxalq səviyyədə rəqabətqabiliyyətli biliklərə sahib olmasını, həmçinin praktik bacarıqlarının daha da təkmilləşdirilməsini təmin etmək məqsədilə “Maliyyə hesabatları F7 (FinancialReporting) İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası- ACCA” (The Association of Chartered Certified Accountants) kvalifikasiyasının “Fundamentals Knowledge” üzrə təlimlərə başlanılıb.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Maliyyə hesabatları F7” proqramı üzrə təlimlərin 4 ay müddətində davam etməsi nəzərdə tutulur. “ACCA F7 Maliyyə Hesabatları”nın hazırlanması və analiz edilməsi üçün ehtiyac duyulan bütün bilik və bacarıqları özündə birləşdirir. Təlimlərdə maliyyə hesabatlarının konseptual əsaslarının müzakirəsi və tətbiqi, Maliyyə Hesabatlarının Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun şəkildə hazırlanması və tətbiqi, maliyyə hesabatlarının analizi və interpretasiyası və sair kimi mövzuların tədrisi nəzərdə tutulur. Təlimin sonunda əməkdaşlar ACCA-in rəsmi imtahanlarından uğurla keçərək yüksək dərəcəli beynəlxalq sertifikat əldə etmək imkanı qazanacaqlar.
Daha sonra “Diploma in International Financial Reporting” (DipIFR) beynəlxalq maliyyə və mühasibat uçotu ilə bağlı diplomun verilməsi ilə nəticələnəcək təlimlərin keçirilməsi, həmçinin “CFA-Chartered Financial Analyst” (maliyyə analizi və investisiya sahəsi) üzrə təlimlərin təşkili nəzərdə tutulur.