İQTİSADİYYAT
Hesablama Palatasının əməkdaşları virtual konfransda iştirak ediblər
Bakı, 15 sentyabr, AZƏRTAC
Macarıstan Dövlət Audit Ofisinin təşkilatçılığı ilə IX EUROSAI (Ali Audit Qurumlarının Avropa Təşkilatı)-OLACEFS birgə virtual konfransı keçirilib.
Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, COVID-19 pandemiyasının səbəb olduğu vəziyyəti nəzərə alaraq konfrans “COVID-19 pandemiyası: Ali Audit Qurumlarının öz işlərinin təsirini vurğulaması üçün xüsusi imkan” mövzusuna həsr edilib.
Konfransa EUROSAI-a üzv ali audit qurumlarından 137, OLACEFS-ə üzv ali audit qurumlarından 52 nəfər qoşulub. Tədbirin açılışında EUROSAI-ın və Türkiyə Hesablama Məhkəməsinin prezidenti Seyid Ahmet Başın və OLACEFS-in prezidenti, Peru ali audit qurumlarının rəhbəri Nelson Eduardo Şək Yalta, Macarıstan Dövlət Audit Ofisinin prezidenti Laszlo Domokos çıxış ediblər. Çili, Birləşmiş Krallıq ali audit qurumları nümayəndələrinin, həmçinin qonaq qismində dəvət edilmiş mütəxəssislərin konfransın mövzusuna dair təqdimatları yer alıb.
Konfransın ikinci və üçüncü günü audit sahəsində aktual mövzulara dair bir sıra panel müzakirələr və praktik seminarlarla davam edib, iştirakçılara mövzu ilə əlaqədar faydalı təqdimatlar olunub: qiymətləndirmə metodologiyalarının gücləndirilməsi; korrupsiyanın qarşısının alınması və mübarizə yolları; 2030-cu il Gündəliyinin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu; media və texnologiya: AAQ-ların, rəqəmsallaşdırmanın və 3-cü tərəflərin birləşdiyi yer; məsləhətçi rolu 1 – parlament, konqres; məsləhətçi rolu 2 – auditi keçirilən qurumlar, vətəndaşlar, digər tərəflər; göstəricilər, qiymətləndirmə alətləri; Ədalətlilik/antikorrupsiya; prokurorluq ofisi ilə əlaqələr, korrupsiyanın qarşısının alınması və mübarizə; çevik audit hesabatı, qabaqcıl təcrübələr, rəqəmsal hesabatlılıq; sosial istifadə; şəffaflıq, rəqəmsal alətlərin təsiri.
Konfrans EUROSAI və OLACEFS təşkilatlarının baş katiblərinin, həmçinin Macarıstan Dövlət Audit Ofisinin prezidenti Laszlo Domokosun bağlanış nitqi ilə başa çatıb.