İQTİSADİYYAT
Hesablama Palatasının sədri beynəlxalq konqresdə iştirak edib
Bakı, 15 aprel, AZƏRTAC
Ali Audit Qurumlarının Avropa Təşkilatının (EUROSAI) XI Konqresi keçirilib.
Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, COVID-19 pandemiyası ilə əlaqədar ilk dəfə onlayn şəkildə keçirilən konqres EUROSAI-ın növbəti prezidenti, Çex Respublikası Ali Audit Ofisi tərəfindən təşkil edilib. Konqresdə Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
Tədbir EUROSAI-ın prezidenti, Türkiyə Hesablama Məhkəməsinin prezidenti Seyit Ahmet Başın açılış nitqi ilə başlayıb, daha sonra EUROSAI-ın yeni prezidenti, Çex Respublikası Ali Audit Ofisinin prezidenti Miloslav Kalanın salamlama nitqi ilə davam edib.
Rəsmi açılış tədbirindən sonra plenar sessiyanın gündəliyi, Konqresin prosedur qaydaları və müşahidəçilər siyahısı kimi məsələlər müzakirə edilib. Tədbirin davamında 2017-2021-ci illər üzrə EUROSAI prezidentliyinin proqramının icrası barədə məlumat və katibliyin 2017-2021-ci illər üzrə fəaliyyət hesabatı təqdim edilib.
Konqresin EUROSAI-ın 2017-2024-cü illər üzrə Strateji Planın müzakirəsinə ayrılmış hissəsində strateji məqsədlərin və layihələrin icra vəziyyətindən, EUROSAI-ın işçi və xüsusi qruplarının fəaliyyətindən bəhs edilib və strateji planın aralıq hesabatı (2017-2021-ci illər) təqdim edilərək ona müvafiq yeniliklər edilib.
Daha sonra EUROSAI-ın XII Konqresinə ev sahibliyi edəcək qurumun müəyyən edilməsi, idarə heyətinə iki yeni üzvün seçilməsi, həmçinin yeni auditorların təyin edilməsi kimi məsələlər müzakirəyə çıxarılıb.
Tədbirində sonunda isə EUROSAI-ın INTOSAI (Audit Orqanlarının Beynəlxalq Təşkilatı) və IDI ilə əməkdaşlığından bəhs edilib. Tədbir EUROSAI-ın cari prezidenti Miloslav Kalanın bağlanış qeydləri ilə yekunlaşıb.