REGİONLAR
Həsən Məmmədov 50-dən çox filmdə oynadığı rollarla tamaşaçı rəğbəti və sevgisi qazanıb
Salyanda görkəmli aktyorun 80 illik yubileyi təntənəli şəkildə qeyd olunub
Salyan, 6 dekabr, Mahir Babayev, AZƏRTAC
Xalq artisti, görkəmli aktyor, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Həsən Məmmədovun 80 illik yubileyi doğulduğu Salyan rayonunda təntənəli şəkildə qeyd olunub. Salyan şəhər 2 saylı tam orta məktəbdə keçirilən yubiley mərasimində mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, mədəniyyət xadimləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində Həsən Məmmədovun həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar.
Məktəbin akt zalında təşkil olunan mərasimdə əvvəlcə Həsən Məmmədovun həyat və yaradıcılığından, oynadığı rollardan bəhs edən videoçarx göstərilib.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək bildirib ki, Həsən Məmmədov Azərbaycan kinosunun “qızıl fond”unu təşkil edən filmlərdə ekran həyatı verdiyi parlaq xarakterlər, həmçinin teatr səhnəsində canlandırdığı obrazlarla mədəniyyət xəzinəmizi zənginləşdirib. Onun yaratdığı bir çox qəhrəmanlar tamaşaçılara yüksək əxlaqi keyfiyyətlər aşılayır və gənc nəslin milli-mənəvi irsə ehtiram ruhunda tərbiyəsində əhəmiyyətli rol oynayır.
Mərasimdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev sənətkarın 80 illik yubileyinin qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncamı diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan mədəniyyətinin görkəmli xadimlərindən biri də Xalq artisti, unudulmaz aktyor Həsən Məmmədovdur. O, 1938-ci il noyabrın 22-də Salyan rayonunda doğulub, burada 2 saylı orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olub. Lakin aktyor sənətinə böyük marağı olan Həsən Məmmədov universitetdən çıxaraq bir müddət müxtəlif teatrlarda çalışıb. Sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb, tələbəlik illərində müəyyən fasilələrlə Azərbaycan Radiosunda fəaliyyət göstərib.
Nazirin birinci müavini qeyd edib ki, Həsən Məmmədov 1962-ci ildə məşhur səhnə xadimi Mehdi Məmmədovun aktyorluq kursunu bitirib, təyinatla Akademik Milli Dram Teatrına göndərilib. Həmin ildən etibarən teatrda fəaliyyət göstərməklə yanaşı, “Azərbaycanfilm” kinostudiyasında da filmlərə çəkilib, milli kinomuzun ən maraqlı və yaddaqalan ekran əsərlərində yer alıb: “Həsən Məmmədov "Böyük dayaq"da Qaraş, "Arşın mal alan"da Əsgər, "Gün keçdi" filmində Oqtay, "Arxadan vurulan zərbə"də Qəmərlinski, "Birisi gün gecə yarısı"nda Baba Əliyev, "İstintaq"da Murad, "Dədə Qorqud"da Dədə Qorqud, "Axırıncı aşırım"da Abbasqulu ağa Şadlinski, "Yeddi oğul istərəm"də Bəxtiyar və digər rolları ilə Azərbaycan kinosunun “qızıl fond”unu təşkil edən obrazlar qalereyasını yaradıb. O, 50-dən çox filmdə təkrarolunmaz ifa tərzi ilə ekran həyatı verdiyi parlaq xarakterlər, həmçinin teatr səhnəsində oynadığı rollarla tamaşaçı rəğbəti və sevgisi qazanıb”.
Qeyd olunub ki, aktyorun çəkildiyi ekran əsərləri bu gün də böyük maraqla izlənilir. Xalq artisti Həsən Məmmədov "İstintaq" bədii filmindəki Murad roluna görə SSRİ Dövlət mükafatına, "Birisi gün gecə yarısı" ekran əsərindəki Baba Əliyev obrazına görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.
Vaqif Əliyev vurğulayıb ki, bütün sahələrdə olduğu kimi, dövlətimiz tərəfindən Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafı və gənc nəsillərə təbliği, onun görkəmli nümayəndələrinin xatirəsinin əbədiləşdirilməsi, ədəbiyyat, incəsənət xadimlərinin yaradıcı mühitlə əhatə olunması və onların qayğılarına diqqətlə yanaşılması ilə bağlı çoxsaylı təqdirəlayiq işlər görülür və görülməkdədir. Müvafiq dövlət proqramları, dövlətimizin başçısı tərəfindən mədəniyyətin müxtəlif sahələrinin inkişafı ilə bağlı imzalanan sərəncamlar mədəni irsə, incəsənətə, mənəvi dəyərlərin qorunub saxlanılmasına yüksək qayğının əyani nümunəsidir. Bununla əlaqədar cari ildə görkəmli mədəniyyət, incəsənət xadimlərimiz – Qara Qarayev, Bülbül, Həsənağa Turabov, Mehdi Məmmədov, Mikayıl Müşfiq, İsa Muğanna, İmran Qasımov, Aşıq Şəmşir və başqa sənətkarların yubileyləri, həmçinin Azərbaycan kinosunun yaranmasının 120 illiyi, Mingəçevir Dövlət Dram Teatrı və Sumqayıt Dövlət Dram Teatrının 50 illiyi təntənəli şəkildə qeyd edilib. Milli kinonun tərəqqisi, müasir standartlara cavab verən film istehsalı sahəsinin formalaşdırılması daim dövlətin diqqətindədir.
Yubiley gecəsinin aparıcısı, Xalq artisti Əbdül Mahmudov Həsən Məmmədovun Azərbaycan kino sənətinə bəxş etdiyi müxtəlif xarakterli obrazlar haqqında danışıb.
Əməkdar incəsənət xadimləri – kinoşünas, rejissor Ayaz Salayev, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, Xalq artistləri Rafiq Əzimov, Ənvər Həsənov, Ramiz Məlikov, tanınmış şair Oqtay Rza çıxış edərək Həsən Məmmədovun sevə-sevə yaratdığı obrazlar haqqında söz açıb, sənətkarla bağlı xatirələrini bölüşüblər.
Aktyorun ailəsi adından çıxış edən oğlu Əvəz Məmmədov yubileyin keçirilməsinə, Həsən Məmmədovun əziz xatirəsinə göstərilən diqqətə görə minnətdarlığını bildirib.