MƏDƏNİYYƏT
Həsən Seyidbəylinin 100 illik yubileyinə həsr olunmuş informasiya məktubu hazırlanıb
Bakı, 11 sentyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında nasir, kinodramaturq, kinorejissor, Xalq artisti Həsən Seyidbəylinin anadan olmasının 100 illiyi ilə əlaqədar informasiya məktubu hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, informasiya məktubunda “Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, həyat və yaradıcılığı haqqında məlumatlar əks olunub.
Bundan başqa, Həsən Seyidbəylinin filmləri haqqında məlumat və filmlərin “YouTube” kanalında yerləşdiyi versiyalarının linkləri göstərilib.
İnformasiya məktubunda Həsən Seyidbəylinin rejissoru olduğu, 1973-cü ildə çəkilmiş, Azərbaycan xalqının görkəmli şair və filosofu İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuş “Nəsimi” və Azərbaycan xalqının şanlı oğlu, kəşfiyyatçı, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsi illərində İtaliya və keçmiş Yuqoslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizəyə həsr edilmiş “Uzaq sahillərdə” (ssenari müəllifi: İmran Qasımov, Həsən Seyidbəyli) filmləri haqqında məlumatlar da əks olunub.
İnformasiya məktubunda yaradıcı insanların Həsən Seyidbəyli haqqında fikirləri də verilib.