CƏMİYYƏT
Həssas kateqoriyalardan olan daha bir qrup şəxs üçün özünüməşğulluq proqramı üzrə təlimə başlanılıb
Bakı, 24 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramı iştirakçıları üçün təlimlər davam etdirilir. Xəzər rayon Məşğulluq Mərkəzi 2019-cu il üzrə özünüməşğulluq proqramına cəlb edilənlərdən ilk qrupu üçün təlimlər keçirilməsinə başlayıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, təlimdə sosial cəhətdən həssas kateqoriyalardan (müharibə ilə əlaqədar və ümumi səbəblərdən əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri və s.) olan 17 nəfər iştirak edir.
Onlara Beynəlxalq Əmək Təşkilatının baş təlimçisinin iştirakı ilə hazırlanmış təlimçi tərəfindən özünüməşğulluq proqramı əsasında kiçik ailə bizneslərinin qurulması və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir.
Bir aylıq təlim kursunu başa vuraraq, qiymətləndirmə zamanı biznes-planları uğurlu hesab edilən iştirakçılar kiçik ailə təsərrüfatları yaratmaq üçün aktivlərlə (mal və materiallarla) təmin ediləcək.