DÜNYA


Hessendə seçkilər Merkel üçün yaxşı heç nə vəd etmir

Berlin, 29 oktyabr, AZƏRTAC

Bazar günü Almaniyanın Hessen federal əyalətində keçirilmiş parlament seçkilərində ölkədə hakim koalisiyanın üzvü olan iki partiya – kansler Angela Merkelin başçılıq etdiyi Xristian Demokratlar İttifaqı (XDİ) və Almaniya Sosial-Demokrat Partiyası (ASDP) böyük itkiyə məruz qalıb.

AZƏRTAC xəbər verir ki, exit-polların nəticələrinə görə, XDİ 28 faiz, ASDP isə 20 faiz seçici səsi toplayacaq. Müqayisə üçün bildirək ki, 5 il bundan əvvəl Hessendə keçirilmiş seçkilərdə bu iki partiya, müvafiq surətdə 38,3 faiz və 30,7 faiz səs toplamışdı. Sosioloqlar bu qədər ciddi itkiləri ilk növbədə onunla izah edirlər ki, seçicilər Berlində lap yaxın vaxtlarda - 2018-ci ilin mart ayında formalaşmış hakim koalisiyanın işindən narazıdırlar.

İki həftə bundan əvvəl Bavariyada keçirilmiş seçkilərdə də seçicilərin motivləri eyni olub. Burada çox nadir hallarda rast gələn bir vəziyyət yaranıb: mühafizəkar blokda XDİ-nin tərəfdaşı olan Xristian Sosialistlər İttifaqı (XSİ) mütləq çoxluqdan məhrum olub, sosial-demokratlar isə heç 10 faiz də səs toplamayıblar.

Beləliklə, son iki həftədə Almaniyada hakim partiyalardan ikisi böyük məğlubiyyətə uğrayıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.