İQTİSADİYYAT
Həştərxan vilayəti Tatarıstandan Azərbaycana göndərilən məhsulların çatdırılmasına kömək etməyə hazırdır
Moskva, 30 noyabr, AZƏRTAC
Həştərxan vilayətində açılmış İran ticarət evi və Azərbaycan işgüzar mərkəzi artıq fəal iş aparır. Vilayətin qubernatoru səlahiyyətlərini müvəqqəti icra edən Sergey Morozov jurnalistlərə bildirib ki, Həştərxan vilayəti Tatarıstandan Xəzəryanı dövlətlərin bazarlarına göndərilən məhsulların çatdırılmasına kömək etməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, Sergey Morozovun sözlərinə görə, Tatarıstana Həştərxan vilayəti vasitəsilə xarici bazarlara çıxış imkanı təklif edilir. S.Morozov Həştərxan vilayəti ilə Tatarıstan arasında əməkdaşlıq haqqında saziş imzalanandan sonra çıxış edərək deyib: “Həştərxanda İran ticarət evi və Azərbaycan işgüzar mərkəzi işləyir, Bakıda isə Həştərxan işgüzar mərkəzi tikilir. Biz Azərbaycandakı həmkarlarımızla birgə dəmir yol yük qovşağı yaratmağı planlaşdırırıq. Siz yeni tərəfdaşlar axtarışında bu məkanlardan istifadə edə bilərsiniz”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
MOSKVA