İQTİSADİYYAT
Həştərxan vilayəti bütün Xəzəryanı dövlətlərlə ciddi iqtisadi əlaqələr qurmaq niyyətindədir
Bakı, 16 sentyabr, Ruslan Manafov, AZƏRTAC
Biz bütün Xəzəryanı dövlətlərlə ciddi iqtisadi əlaqələr qurmaq – nəqliyyat infrastrukturunu, kruiz səyahətini, gəmiqayırma sahəsini inkişaf etdirmək niyyətindəyik.
AZƏRTAC “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Həştərxan vilayətinin yeni qubernatoru İqor Babuşkin söyləyib.
Həştərxan vilayətinin Xəzəryanı zonada yerləşdiyi ərazinin üstünlükləri və perspektivləri barədə söhbət açan qubernator 2021-ci ildə regionda İkinci Xəzər İqtisadi Forumunun keçirilməsi haqqında qərara münasibət bildirərək deyib: “Belə yüksək səviyyəli tədbir Həştərxan vilayəti üçün böyük şərəf, iqtisadi artıma və infrastrukturun inkişafına güclü təkan olacaq. Bu, Həştərxanın gözəlliklərini bütün Xəzəryanı dövlətlərə nümayiş etdirmək üçün bir fürsətdir. Bizdə qeyri-adi gözəlliyə malik olan mədəni irs obyektləri çoxdur, lakin bu obyektlərin bir qismi heç də yaxşı vəziyyətdə deyil. Əlbəttə, foruma qədər biz şəhərin görkəmini, binaların fasadlarını dəyişməliyik”.
Qeyd edək ki, İkinci Xəzər İqtisadi Forumuna hazırlıq çərçivəsində Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İranın iqtisadiyyat nazirlərinin beştərəfli görüşü keçiriləcək.
RF İqtisadi inkişaf nazirinin müavini Mixail Babiç deyib: “Həştərxan vilayəti Xəzər regionunda bizim işimizin paytaxtına çevrilir. Bu, Rusiyada ən mühüm iş formatıdır. Biz gələn il Həştərxanda Xəzər regionu ölkələrinin iqtisadiyyat nazirlərinin görüşlərinin keçirilməsini nəzərdə tuturuq”.
Həmin görüşün İkinci Xəzər İqtisadi Forumu ərəfəsində keçiriləcəyini bildirən Babiç daha sonra deyib: “İndi biz hökumətin sərəncamının layihəsini hazırlayırıq. Həştərxan bu tədbirin paytaxtı təyin edilib. Bu o deməkdir ki, Həştərxan həm kommunikasiyalar, həm də infrastruktur baxımından bu bazarda RF-nin qapıları funksiyasını yerinə yetirən regiondur”.
RF Baş Naziri Dmitri Medvedev bu il avqustun 12-də növbəti Xəzər İqtisadi Forumunun Həştərxanda keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bu tədbir Xəzəryanı regionda əməkdaşlığın daha da möhkəmlənməsi, müvafiq razılaşmaların reallaşması prosesində mühüm addım olmalıdır.
Xatırladaq ki, Birinci Xəzər İqtisadi Forumu bu il avqustun 12-də Türkmənbaşı şəhərindəki (Türkmənistan) “Avaza” Milli Turizm zonasında keçirilib.
2014-cü ilin sentyabr ayında Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxanda keçirilmiş IV zirvə görüşündə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzərdə nəqliyyat və ticari-iqtisadi əməkdaşlıq sahəsində iki yeni saziş hazırlanmasını, habelə Xəzər İqtisadi Forumunun təsis olunmasını təklif edib.