REGİONLAR
Həştərxan vilayətində təşkil olunan sərgidə Naxçıvan məhsulları nümayiş etdirilib
Naxçıvan, 11 iyun, AZƏRTAC
“Made in Azerbaijan” brendinin təşviqi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən 2018-ci ilin ilk ixrac missiyası Rusiyanın Həştərxan vilayətinə təşkil olunub. İxrac missiyasına ölkəmizdə emal və kənd təsərrüfatı, yüngül sənaye, tikinti və digər sahələrdə fəaliyyət göstərən 30-dan çox yerli şirkətin nümayəndəsi daxildir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, nümayəndə heyətinin tərkibində muxtar respublikada fəaliyyət göstərən “Gəmiqaya Mineral Sular” MMC-nin və Babək “Sirab” ASC-nin nümayəndələri də iştirak ediblər. Tədbir çərçivəsində “Made in Azerbaijan” brendi altında Azərbaycan Respublikasında istehsal olunmuş məhsulların sərgisi keçirilib. Sərgidə Babək “Sirab” ASC-nin istehsal etdiyi 12 çeşiddə “Sirab”, 10 çeşiddə isə “Badamlı” mineral suları nümayiş olunub.
Missiya çərçivəsində Həştərxanda Azərbaycan və Rusiya şirkətləri təmsilçilərinin ikitərəfli görüşü keçirilib. Rusiya şirkətinin nümayəndələrinin də iştirak etdiyi görüşdə Azərbaycan məhsulları barədə məlumat verilib, iqtisadi-ticarət əlaqələrinin, xüsusilə ixracın genişləndirilməsinə dair müzakirələr aparılıb.