CƏMİYYƏT


Həştərxanda V Xəzər Mediaforumu açılacaq

Bakı, 23 sentyabr, Ruslan Manafov, AZƏRTAC

Sentyabrın 24-də Rusiyanın Həştərxan şəhərində V Xəzər Mediaforumu açılacaq.

Həştərxan vilayəti qubernatoru administrasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, öz regionlarında media sahəsinin formalaşmasında fəal iştirak edən bütün Xəzəryanı ölkələrin nümayəndələri bu platformada səmərəli dialoq aparacaqlar.

Artıq beşinci dəfədir keçirilən forum jurnalistlərin təcrübə mübadiləsi platformasına çevrilir. Onun sayəsində Xəzər regionu ölkələrinin vahid informasiya məkanı da yaradılır. Mediaforumda Azərbaycan, Qazaxıstan, Rusiya, Türkmənistan və Özbəkistandan nümayəndə heyətləri, habelə Rusiya Federasiyası Dövlət Duması və Prezident Aparatından qonaqlar, Həştərxanda yerləşən Xəzəryanı ölkələrinin konsul idarələrinin rəhbərləri iştirak edəcəklər.

Forum çərçivəsində iki gün ərzində panel müzakirələri, ekspertlərin görüşləri və strateji sessiyalar keçiriləcək. Əsas tədbirlər isə “Rəqəmsallaşma dövründə media istiqamətləri” plenar iclası, “Media kommunikasiyaları ictimai diplomatiya vasitəsi kimi” panel diskussiyası, “Xəzər Konvensiyası: bir il sonra” ekspert sessiyası və təhlükəsizlik və geosiyasi məsələlər üzrə ekspert sessiyası olacaq.

Ekspert qismində Rusiya Gənclər İttifaqının, A.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun, Prezident Qrantları Fondunun, Avrasiya Xalqları Assambleyası və Rusiya Xalqları Assambleyasının nümayəndələri, Rusiyanın və xarici ölkələrin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, elmi ictimaiyyətin təmsilçiləri çıxış edəcəklər.

V Xəzər Mediaforumunun təşkilatçısı “Xəzər-Avrasiya beynəlxalq və ictimai-siyasi tədqiqatlar mərkəzi” Assosiasiyasıdır. Tədbirin informasiya dəstəyini isə Həştərxan vilayətinin Hökuməti verir. Forumun tərəfdaşları qismində “Şimal-Cənub” politologiya mərkəzi və “Avrasiya monitorinqi” analitik tədqiqatlar mərkəzidir. Layihə MDB iştirakçısı dövlətlərin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondunun vəsaiti hesabına həyata keçirilir.

Mediaforumun açılışında Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.