SİYASƏT
Həştərxanda keçirilən tədbirdə Ulu Öndərin Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı əvəzsiz rolundan danışılıb
Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 12-si Rusiya Federasiyasının Həştərxan şəhərində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan diasporasının üzvləri, Azərbaycan İş Mərkəzinin əməkdaşları, Heydər Əliyevin adını daşıyan 11 saylı məktəbin kollektivi və şagirdləri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) Həştərxan bölməsinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və həmvətənlərimiz Ulu Öndərin Həştərxan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə əklillər, gül dəstələri qoyublar. Dahi şəxsiyyətin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Həştərxan şəhərində yerləşən, Heydər Əliyev adına 11 saylı orta məktəbdə anım tədbiri keçirilib. Heydər Əliyevin məktəbin foyesindəki büstü önünə də gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.
Mərasimdə çıxış edənlər Heydər Əliyevin fəaliyyəti, onun istər Sovet İttifaqı dövründə, istərsə də müstəqillik illərində Azərbaycan tarixindəki, o cümlədən Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı əvəzsiz rolundan danışıblar. Bildirilib ki, Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var.
Məktəbin müəllimləri və şagirdləri təhsil ocağının Ulu Öndərin adını daşımasından qürur hissi duyduqlarını ifadə ediblər.