İDMAN


Həvəskar badmintonçular arasında turnir təşkil edilib

Bakı, 4 iyul, AZƏRTAC

Azərbaycan Badminton Federasiyası 5 İyul - Dünya Badminton Günü ərəfəsində bu idman növünün təbliği istiqamətində silsilə tədbirlər keçirməkdə davam edir.

Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Milli Olimpiya Komitəsinin 30 illik yubileyi və Dünya Badminton Gününə həsr olunmuş həvəskarlar arasında badminton turniri keçirilib.

Bakı İdman Sarayında təşkil olunan yarışda 35-i kişi, 30-u qadın olmaqla ümumilikdə 65 həvəskar badmintonçu 5 komandanın tərkibində iştirak edib.

Komandalar simvolik olaraq olimpiya halqalarının rənglərində mübarizə aparıblar. Gərgin və maraqlı mübarizə şəraitində keçirilən görüşlər komanda yarışında şəxsi kateqoriyada oynanılıb. Açıq turnirdə yerli vətəndaşlarla yanaşı, ölkəmizdə yaşayan əcnəbilər də qüvvəsini sınayıb.

Turnirin qalibi mavi formada mübarizə aparan komanda olub. Sarı və yaşıl formada mübarizə aparan komandalar isə müvafiq olaraq 2 və 3-cü yeri tutublar.

Mükafatçılar Azərbaycan Badminton Federasiyası və Milli Olimpiya Komitəsi tərəfindən sertifikat və hədiyyələrlə təltif olunublar. Turnirin ən yaxşı kişi iştirakçısı Rauf Məmmədzadə, qadın iştirakçısı isə Könül Əliyeva seçilib. Turnirin baş hakimi Orxan Qələndərov isə yarışının təşkili, həvəskarlar arasında badmintonun təbliğində verdiyi töhfələrə görə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov tərəfindən imzalanmış xüsusi diploma layiq görülüb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.