ELM VƏ TƏHSİL
“Həyat bilgisi” və “Azərbaycan tarixi” dərsliklərinin elmi-metodik monitorinqi ilə bağlı seminarlar davam edir
Bakı, 14 fevral (AZƏRTAC). Biologiya fənni üzrə tam orta məktəblərdə istifadə olunan dərsliklərin elmi-metodik monitorinqi ilə bağlı seminar keçirilmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, seminarda gündəlik məsələ ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün “Həyat bilgisi” dərsliyinin və metodik vəsaitin müzakirəsi ilə bağlı olmuşdur.
Müzakirələrdə iştirak edənlər dərsliyin məzmunu, dil və üslubu, bədii tərtibatı, dizaynı, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu barədə fikirlər bildirmiş, təkliflər vermişlər.
Digər iclasda ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün “Azərbaycan tarixi” dərsliyinin və metodik vəsaitin II bölməsinin müzakirəsi aparılmışdır.
Müzakirələrdə dərsliyin məzmunu, dil və üslubu, bədii tərtibatı, dizaynı, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu barədə fikirlər bildirilmiş, təkliflər verilmişdir.
Seminarlarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri ilə birlikdə, TQDK-nın Naxçıvan, Gəncə, Şəki və Lənkəran regional bölmələrinin müvafiq fənn müəllimləri də iştirak etmişlər.
Növbəti seminarlarda müzakirələr davam etdiriləcəkdir.