ELM VƏ TƏHSİL
Həyata tələbə baxışı: uğurun ən vacib məqamı zamanı doğru dəyərləndirməkdir
Bakı, 7 dekabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda “Tələbə seminarları” layihəsi çərçivəsində birinci kurs tələbəsi Fərid Qasımzadənin təqdimatında “Həyata tələbə baxışı” mövzusunda seminar təşkil olunub.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, rektor Ceyhun Məmmədov layihənin istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılması, tələbələrin bilik səviyyələri və bacarıq imkanlarının nümayiş etdirilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb. Bildirilib ki, Aİİ-nin belə layihələri təşkil etməkdə məqsədi tələbələri elmi fəaliyyətə istiqamətləndirməklə tələbə mərkəzli təhsil müəssisəsi yaratmaqdır. Rektor bu tipli seminarların tələbələrin nitq mədəniyyətinin formalaşmasında xüsusi rol oynadığını vurğulayıb.
Fərid Qasımzadə məruzəsində bildirib ki, ilahiyyatçı kimi formalaşmalarında Aİİ-nin rəhbərliyinin və müəllim kollektivinin böyük dəstəyi vardır. Tələbənin ehtiyac duyduğu qayğı və diqqətin hər zaman hiss edildiyini söyləyən F.Qasımzadə şəxsi inkişafa qoyulan “sərmayə”ni daim artırmağın vacibliyini diqqətə çatdırıb. O bildirib ki, uğurlu tələbə həyatının ən vacib məqamı zamanı doğru dəyərləndirməkdir.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.