CƏMİYYƏT
Həyatın əvvəlki məcrasına qayıtması üçün yol peyvəndləmədən keçir
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 18-dən bizim poliklinikada da yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinasiya tədbirlərinə başlanılıb. Əvvəlcədən müəssisədə peyvənd aparılması üçün lazım olan bütün tədbirlər görülüb. Prosedurun aparılması üçün qeydiyyat və həkim müayinəsi otaqları, gözləmə salonu və 3 peyvənd otağı ayırmışıq. Peyvənd üçün ayrılmış otaqlar soyuducular və termoçantalarla təmin edilib. Artıq müəssisədə çalışan 4 tibb işçisi peyvənd olunub. Lakin qarşıdakı günlərdə bu prosedurun daha böyük sürətlə gedəcəyinə inanırıq.
Paytaxtdakı 7 nömrəli şəhər poliklinikasının baş həkimi Şəlalə Səfərova AZƏRTAC-ın müxbiri ilə söhbətinə belə başlayıb.
Onun verdiyi məlumata görə poliklinikada 291 həkim və tibb işçisi çalışır, onlardan təxminən 70 nəfərindən çoxu müxtəlif vaxtlarda COVID-19 infeksiyasına yoluxub və müalicə proseduru alandan sonra sağalıb. Baş həkim daha sonra deyib: “Vaksinasiya ərəfəsində 40-dan artıq həkim və tibb işçisi orqanizmdə anticisimləri yoxlamaq üçün test sınaqları verib. Məsələ burasındadır ki, onlardan bəziləri xəstəliyi ya yüngül, ya da ayaqüstü keçiriblər və həmin sınaqların cavabından sonra xəstəliyi keçirib-keçirmədikləri aydın olacaq. İlk iki günün nəticələri göstərdi ki, Çinin “Sinovac” şirkətinin “CoronaVAC” vaksini təhlükəsiz və səmərəlidir. Heç bir mənfi nəticələri yoxdur. Xüsusi ayrılmış otaqlarda təlim keçmiş həkimlərin nəzarəti altında peyvənd vurulur və yarım saat ərzində hansısa əks-təsirin olub-olmadığı yoxlanılır. Üç həftə sonra indi peyvənd olunanlara ikinci doza vurulacaq və bundan sonra onlara sertifikat veriləcək. Tibb işçilərinin vaksinasiyası başa çatandan sonra yaşı 65-dən yuxarı olan vətəndaşların vaksinasiyasına başlanılacaq.
Ümid edirik ki, vaksinasiya prosesi tam başa çatandan sonra bir ildir ki, qorxulu kabus kimi bəşəriyyətin başı üstünü almış COVID-19 təhlükəsi sovuşacaq və həyat əvvəlki məcrasına qayıdacaq. Bunun üçün yeganə yol hamının peyvənd edilməsindən keçir. Hər kəs də bunu anlayır və başa düşür. Hər halda bizə nəfəs qədər yaxın olan bu təhlükədən peyvəndlər vasitəsilə yaxa qurtarmaq mümkün olacaq”.