İQTİSADİYYAT
Heybət stansiyasında yeni yoldəyişən quraşdırılıb
Bakı, 9 sentyabr, AZƏRTAC
Heybət stansiyasında yeni yoldəyişən quraşdırılıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, Bakı-Böyük Kəsik istiqamətində 600 kilometrlik dəmir yolunun əsaslı təmiri çərçivəsində “Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin Səngəçal istehsalat bazası yenidən qurulur.
Əsas yeniliklərdən biri də budur ki, Səngəçal istehsalat bazasının ərazisində yoldəyişən qurğuların yığılması üçün yeni meydança tikilib. Sağ və sol təmayüllü yoldəyişən qurğuların quraşdırılması üçün tikilən meydançanın uzunluğu 90, eni 16 metr təşkil edir.
Bu meydançada yoldəyişənlərin alt quruluş hissələri, yəni tirlər dəmir-betondan yığılır. Bu, Azərbaycan Dəmir Yolunun tarixində ilk dəfədir.
Artıq yeni meydançada ilk yoldəyişən yığılıb. Həmin yoldəyişən sentyabrın 9-da Heybət stansiyasında quraşdırılıb. Işi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirib.
Qeyd edək ki, köhnə yoldəyişənlərin alt quruluş hissələri ağac şpaldan yığılır və istismar müddətinin az olması həm texniki, həm də maddi baxımdan əlverişli deyil. Yeni layihədə daha üstün və fərqli bir üsula əl atılıb. Alt quruluş hissələrinin, yəni şpalların və tirlərin dəmir-betondan hazırlanması, yoldəyişənlərin yeni tərtibatda işə tətbiqi yol təsərrüfatının mahiyyətində uzunömürlülük baxımından dəyişikliklərə səbəb olacaq.
Yoldəyişən qurğuların tirlərinin hazırlanması üçün Türkiyə şirkəti tərəfindən Ələt şpal zavodunda yeni sex açılıb. Tirlərin hazırlanmasında istifadə edilən bütün metal hissələr Qazaxıstan Respublikasından gətirilir.
Xüsusi ağırlığa malik olan yoldəyişənləri mənzil başına daşımaq üçün Rusiya Federasiyasından yeni quruluşlu platforma vaqonlar alınaraq Səngəçal istehsalat bazasına gətirilib. Qurğunun qoyulması və sökülməsində istifadə ediləcək UKS tipli yeni kranın isə yaxın günlərdə gətirilməsi reallaşacaq.
Yaxın bir il ərzində dəmir yolunun müxtəlif mənzillərində 100 ədəd belə yoldəyişənin quraşdırılması nəzərdə tutulur.