ELM VƏ TƏHSİL
“Heydər Əliyev-99: arxeologiya, etnoqrafiya və antropologiya elmlərinə dövlət qayğısı” mövzusunda elmi sessiya
Bakı, 7 may, AZƏRTAC
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda “Heydər Əliyev-99: arxeologiya, etnoqrafiya və antropologiya elmlərinə dövlət qayğısı” mövzusunda elmi sessiya keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva “Azərbaycan arxeologiya, etnoqrafiya və antropologiya elmlərinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda məruzə edib. Qeyd edib ki, Ümummilli Lider ölkəmizdə istər birinci, istərsə də ikinci hakimiyyəti dövründə elm sahəsinə öz qayğısını əsirgəməyib. Ulu öndər Heydər Əliyevin liderlik keyfiyyətlərinin dünya miqyasında da tanındığını qeyd edən akademik vurğulayıb ki, bu gün onun uzaqgörən siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Alimin sözlərinə görə, Prezidentin məqsədyönlü xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu güdən-günə artır, Azərbaycan artıq söz sahibi olan qüdrətli dövlətə çevrilib və bu mövqeyə çatmaqda Ulu Öndərin və Prezident İlham Əliyevin xidmətləri əvəzsizdir.
G.Baxşəliyeva bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
Sonra Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru professor Abbas Seyidov “Azərbaycanda arxeologiya, etnoqrafiya və antropologiya elmlərinə dövlət qayğısı” mövzusunda məruzə ilə çıxış edib. O, Ulu Öndərin və Prezident İlham Əliyevin tariximizə, mədəniyyətimizə, arxeoloji və memarlıq abidələrinə olan qayğısından söz açıb.
Tədbirdə, həmçinin alimlərdən Zaur Həsənov, Hidayət Cəfərov, Güllü Yoloğlu, Əsədulla Cəfərov, Vəfa Mahmudova, Səfər Aşurov və Akif Quliyevin mövzuya dair məruzələri dinlənilib.