REGİONLAR
Heydər Əliyev Azərbaycan dövlətçilik tarixinin yeni mərhələsini yaratmış böyük siyasi xadim və tarixi şəxsiyyətdir
Ağcabədi, 11 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ölkəmizin hər yerində olduğu kimi, Ağcabədidə də təntənə ilə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əlamətdar gün münasibətilə keçirilən tədbirdən əvvəl Ağcabədi Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyəti Ümummilli Liderin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Sonra Rayon Mədəniyyət Mərkəzinin foyesində Ulu Öndərin fəaliyyətinin müxtəlif dövrləri, xüsusilə Azərbaycana rəhbərlik etdiyi birinci və ikinci dövrü əks etdirən sərgiyə baxış keçirilib.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov məruzə ilə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti barədə geniş məlumat verib. Bildirib ki, Heydər Əliyev Azərbaycan dövlətçilik tarixinin yeni mərhələsini yaratmış böyük siyasi xadim və tarixi şəxsiyyətdir.
Sonda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Əsrin adamı” adlı film nümayiş etdirilib.
Tədbirin mərkəzi meydanda davam edən bədii hissəsində Ağcabədi musiqiçiləri və respublikanın tanınmış incəsənət ustaları müxtəlif musiqi nömrələri ilə çıxış ediblər. Sonda atəşfəşanlıq olub.