CƏMİYYƏT
Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıdıb
Bakı, 12 dekabr, AZƏRTAC
Əsl rəhbər kimi məhz Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıda bilib.
Bu sözləri ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn yazıçı-kulturoloq Aydın xan Əbilov AZƏRTAC-a müsahibəsində deyib.
Bildirib ki, Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndə Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyətin bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşanıb.
A.Əbilov qeyd edib ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə də yenə özünün siyasi bacarığı gücünə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas edə bilmiş və cəmiyyətin məqsədini, qayəsini öz varlığında, özünün güclü şəxsiyyətində təzahür etdirərək, doğma xalqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib onun qəlbində sabaha inam hissi yaratmağı bacarıb.
Yazıçı dedi: “Xalqımız Ümummilli Liderin xatirəsini daim əziz tutur. Xoşbəxtik ki, müdrik rəhbər Heydər Əliyevin qurub yaratdığı müasir müstəqil Azərbaycanın vətəndaşıyıq. Biz müstəqil dövlətimizlə, Ümummilli Liderimizlə fəxr edirik”.