CƏMİYYƏT


Heydər Əliyev Azərbaycan tarixində milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş dahi şəxsiyyətdir

Bakı, 12 dekabr, AZƏRTAC

Dekabrın 12-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl Fəxri xiyabanda Ulu Öndərin məzarı ziyarət edilib, abidəsi önünə gül dəstələri qoyulub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, Heydər Əliyev Azərbaycan tarixində milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş dahi şəxsiyyətdir. O, təkcə öz ölkəsində deyil, bütün dünyada böyük nüfuz qazanmış görkəmli dövlət xadimidir. Bütün mənalı ömrünü ölkəmizin tərəqqisinə, insanların rifahının yaxşılaşdırılmasına həsr edən Ümummilli Liderimiz hər zaman Azərbaycan xalqının mənafeyini düşünüb və bu istiqamətdə apardığı məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil edib.

Hicran Hüseynova Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birinin dövlət qadın siyasəti olduğunu qeyd edərək bildirib ki, Heydər Əliyev qadın hərəkatını dəstəkləyərək, onların səlahiyyətlərinin artırılması üçün mühüm imkanlar yaratmışdı. Böyük siyasi təcrübəyə malik olan Heydər Əliyev həyatın müxtəlif sahələrində çalışan qadınlarımızın elmi fəaliyyətini, əməyini diqqətlə izləyib, onların hüquqlarının qorunmasına xüsusi diqqət yetirib.

Komitə sədri qeyd edib ki, bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva Ulu Öndərin ideyalarını davam etdirir və daha da gücləndirirlər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək Ümummilli Liderin respublikamızın bütün sahələr üzrə inkişafı, ölkəmizin dünyaya tanıdılması istiqamətində gördüyü işləri, öz xalqı və dövləti qarşısında misilsiz xidmətlərini vurğulayıb. O bildirib ki, Ulu Öndər milli dövlətçiliyimizin təməlini qoyub. Sağlam təməl üzərində qurulan ölkəmiz bu gün sürətlə inkişaf edir və dünya dövlətləri sırasında öz layiqli yerini tutur.

Komitə əməkdaşları da çıxış edərək Ulu Öndərin ölkəmiz üçün gördüyü əvəzolunmaz işlər haqqında danışıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.