REGİONLAR
Heydər Əliyev Azərbaycanı zamanın ağır və sərt sınaqlarından uğurla çıxarıb
Astara, 11 dekabr, Bağır Əliyev, AZƏRTAC
Ümummilli lider Heydər Əliyev zəngin mədəniyyəti, tarixi keçmişi ilə həmişə qürur duyduğu doğma Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxararaq xalqımıza əmanət edib. Bu gün fəxrlə deyə bilərik ki, Heydər Əliyev müasir müstəqil Azərbaycanın banisidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə dekabrın 11-də Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin anım gününə həsr olunmuş “Müstəqil Vətənin memarı” mövzusunda keçirilən elmi-praktiki konfransda ətraflı danışılıb.
Tədbir iştirakçıları əvvəlcə böyük rəhbərin xatirəsini bir dəqiqəlik sükutla yad edib, “Müstəqil Vətənin memarı” adlı sənədli filmə baxıblar.
Konfransda çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirib ki, xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyət, hələ sağlığında ikən canlı əfsanəyə çevrilib. Ulu Öndər sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və yüksək insani keyfiyyətləri ilə hər bir azərbaycanlının qəlbində unudulmaz izlər buraxıb. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə doğma Vətəninin tərəqqisi üçün yorulmadan mübarizə aparmış dahi şəxsiyyətdir.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev zamanın ən çətin və mürəkkəb sınaqlarından məharətlə keçərək böyük xilaskar rolunu oynayıb, bizim üçün bugünkü müstəqil Azərbaycanımızı yaradıb. Ulu Öndərin arzu və ideyaları bu gün onun siyasi varisi, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatı Gənclər Birliyinin sədri Asiman Qasımlı, Dövlət İdarələri İşçiləri Həmkarlar İttifaqı Astara rayon komitəsinin sədri Natiq İbadov, şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Rufanə Cəfərli, Astara Pedaqoji Kollecin müəllimi Hümra Babayeva Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışıblar.