SİYASƏT
Heydər Əliyev Azərbaycanın informasiya blokadasından qurtulmasında böyük rol oynayıb
Aşqabad, 12 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar anma mərasimi Azərbaycanın Türkmənistandakı səfirliyində də qeyd edilib.
Türkmənistanda yaşayan həmvətənlərimizin iştirakı ilə keçirilən tədbirdə səfir Vəhdət Sultanzadə Ulu Öndərin həyat və fəaliyyəti, Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlər, müstəqilliyimizin ilk illərində ölkəmizdə cərəyan edən vətəndaş qarşıdurmasının qarşısının alınması üçün atdığı müdrik addımlar, Azərbaycanın iqtisadi inkişafı istiqamətində yorulmaz səyləri, dünya ictimaiyyətinin diqqətinin Azərbaycana yönəldilməsində, respublikamızın informasiya blokadasından qurtulmasında rolu barədə məlumat verib.
Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, məhz bunun nəticəsində ölkəmizin iqtisadi cəhətdən inkişaf edən dövlətlər arasında aparıcı yer tutduğu iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə Ümummilli Liderin həyat və fəaliyyətinə dair sənədli film nümayiş etdirilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad