REGİONLAR
Heydər Əliyev Azərbaycanın milli iqtisadiyyatının formalaşmasında əvəzsiz rol oynayıb
Naxçıvan, 13 may, AZƏRTAC
Hakimiyyətə gəldiyi ilk dövrlərdən etibarən azərbaycançılıq ideyasına sadiq qalan ulu öndər Heydər Əliyev çətin vəziyyətdə belə, öz xalqına arxa durmağı bacarıb, Azərbaycanın milli iqtisadiyyatının formalaşmasında, milli ruhun yüksəlişində əvəzsiz rol oynayıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən elmi-praktik konfransda səsləndirilib.
Universitetin incəsənət fakültəsində təşkil olunan tədbirdən əvvəl Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sərgiyə baxış olub.
Konfransda çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor Saleh Məhərrəmov ömrünü Azərbaycanın müstəqilliyə qovuşmasına, inkişaf və tərəqqisinə həsr edən dahi şəxsiyyətin həyat və fəaliyyətindən, xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb.
Tarix üzrə fəlsəfə doktoru Elçin Zamanov “Heydər Əliyev XX yüzilliyin böyük siyasi dühası və milli istiqlalımızın banisidir” adlı məruzəsində xalqımızın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirən, müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaradan Ulu Öndərin fenomen şəxsiyyət kimi tarixdə iz qoyan uzaqgörən fəaliyyətindən bəhs edib.
Qeyd olunub ki, Heydər Əliyev siyasətinin bu gün ölkəmizdə, o cümlədən muxtar respublikamızda uğurla davam etdirilməsi ölkəmizin gələcək tərəqqisinə, Azərbaycanın daha qüdrətli dövlətə çevriləcəyinə əminlik yaradır.
Tədbir tələbələr tərəfindən Ümummilli Liderə həsr olunmuş şeirlərin bədii qiraəti ilə sona çatıb.