İQTİSADİYYAT


Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanıdır

Bakı, 26 fevral, AZƏRTAC

“Amadeus” şirkətinin informasiya texnologiyaları üzrə baş vitse-prezidenti Bruno Spadanın başçılıq etdiyi nümayəndə heyəti Bakıda işgüzar səfərdə olub.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, işgüzar səfər çərçivəsində AZAL-ın prezidenti Cahangir Əsgərov ilə Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni texnologiyaların tətbiqi ilə bağlı məsələlər müzakirə edilib. C.Əsgərov qeyd edib ki, ötən il paytaxt aeroportu dünyada bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanı olub. “Amadeus” texnologiyaları sayəsində Heydər Əliyev Beynəlxalq Aeroportu yeni informasiya bazasını, resursların idarə edilməsi və uçuşlar haqqında məlumatların əks olunma sistemlərini və sair idarə etmək imkanı əldə edib.

“Bizim prioritet məqsədlərimizdən biri Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin axınının artırılmasıdır. “Amadeus” şirkəti ilə əməkdaşlıq və müasir texnologiyalardan istifadə bizə görülən işlərin səmərəliliyinin yaxşılaşdırılması və ən əsası sərnişinlərə göstərilən xidmət keyfiyyətinin artırılmasına icazə verir”, - deyə C.Əsgərov bildirib.

“Azərbaycan paytaxtının hava limanı müasir aviasiya sənayesində müasir texnologiyalardan istifadənin üstünlüklərinin bariz nümunəsidir. “Amadeus”un bulud həllərinin əsas üstünlükləri sırasına xərclərin səmərəli şəkildə optimallaşdırılması və idarə edilməsi imkanları da daxildir. Xüsusi vurğulamaq istərdim ki, Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada bulud texnologiyalarına tamamilə keçid etmiş yeganə hava limanıdır”, – deyə B.Spada qeyd edib.

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

“Amadeus” şirkəti aviadaşımalar və qlobal distribusiya sistemləri sahəsində dünyanın ən böyük IT xidmətləri təchizatçılarından biridir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.