İQTİSADİYYAT
Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin dövriyyəsini xeyli artırıb
Bakı, 9 iyun, AZƏRTAC
2017-ci ilin yanvar-may ayları ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 1 milyon 370 min sərnişinə xidmət göstərib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu ötən ilin analoji göstəricisindən 34 faiz çoxdur. Təkcə may ayında aeroport 315 min sərnişinə xidmət göstərib.
Həmçinin Azərbaycanda Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi də ötən ay sərnişin dövriyyəsinin xeyli artmasına təsir göstərib. Azərbaycan mülki aviasiyasının bütün qurumları İslam Oyunları dövründə ölkəyə gələn qonaqlara və idmançılara yüksək səviyyədə xidmət göstərilməsini təmin edib.
Hesabat dövründə “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 767 min sərnişin düşmüşdür ki, bunun da 204 min nəfəri daxili reyslərlə daşınıb.
Sərnişinlərin 85 faizi beynəlxalq reyslərin payına düşüb. Hava limanının beynəlxalq daşımaların 48,3 faizi "Azərbaycan Hava Yolları"nın, 51,7 faizi xarici aviadaşıyıcıların payına düşüb.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 28 aviaşirkətə xidmət göstərir ki, onların 5-i loukosterdir. Cari ilin payızından Azərbaycanın aşağı büdcəli aviaşirkəti “Buta Airways”in uçuşları gözlənilir.
Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.
Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti "Skytrax" tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülüb.
Cari ilin mart ayında Bakı hava limanı Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülüb.