İQTİSADİYYAT
Heydər Əliyev Beynəlxalq Aeroportuna biznes-tur təşkil edilib
Bakı, 16 may, AZƏRTAC
"Caspian European Club"un üzvləri mayın 16-da Heydər Əliyev Beynəlxalq Aeroportuna biznes-tur təşkil edib.
Bu barədə AZƏRTAC-a "Caspian European Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Biznes-turun iştirakçıları bütün müasir hava gəmilərinə dünya standartlarına uyğun texniki xidmət üçün hər cür şəraitlə təmin olunmuş "Silkway Technics" şirkətinin anqar kompleksi ilə tanış olublar. Daha sonra sahibkarlar regionda ən böyük logistik mərkəzi olan "Baku Cargo Terminal" yük terminalına baş çəkiblər.
"Ekskursiyanın növbəti mərhələsi 2011-ci ildə istifadəyə verilmiş və regionda analoqu olmayan "Silk Way Business Aviation" terminalına səyahət olub. Beynəlxalq standartlara uyğun inşa olunan üçmərtəbəli terminalda sərnişinlər üçün 50 nəfərlik salon, ailəvi otaqlar və biznes mərkəzi, fiziki məhdudiyyətli sərnişinlər üçün xüsusi otaqlar var. Terminalın sahəsi 1200 kvadratmetrdir. Yüksək standartlara uyğun perronda 13 təyyarə üçün dayanacaq nəzərdə tutulub. Terminal regionda bu tip obyektlər sırasında ən böyük VIP terminaldır", - deyə T.Əliyev bildirib.
Biznes-turun sonunda "CEO Lunch" təşkil olunub. "CEO Lunch" çərçivəsində "Azal", "Silk Way Group" və Heydər Əliyev Beynəlxalq Aeroportunun bölmə rəhbərləri iştirak edib və "Caspian European Club"un üzv şirkətlərinin top-menecerlərinin suallarını cavablandırıblar.
T.Əliyev biznes-turun təşkilinə, çoxillik və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsi üçün yaradılmış imkana görə "Azal", "Silk Way Group" və Heydər Əliyev Beynəlxalq Aeroportunun rəhbərliyinə minnətdarlığını bildirib.
O qeyd edib ki, "Caspian European Club" ölkənin və regionun nəhəng dövlət və özəl müəssisələrinin potensialı, həmçinin sıx əməkdaşlığın qurulması üçün mövcud imkanlar ilə daha yaxından tanış olmaq məqsədilə ənənəvi olaraq bu cür biznes-turlar təşkil edir.
Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən çox şirkət və təşkilatı birləşdirən "Caspian European Club" 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və "Caspian Energy International Media Group"un fəal iştirakı ilə yaradılıb.