İQTİSADİYYAT


Heydər Əliyev Beynəlxalq Aeroportunda hava hərəkətinin təşkili üzrə yeni texnologiyalar tətbiq ediləcək

Bakı, 12 mart, AZƏRTAC

Madriddə “World ATM Congress 2019” tədbiri çərçivəsində “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (HHİ) (AZANS) direktoru Fərxan Quliyev və aviasiyada kommunikasiya və informasiya texnologiyaları sahəsində aparıcı təşkilat olan SITA-nın vitse-prezidenti Stefan Eqli arasında görüş keçirilib. Görüşün yekunlarına görə, “Azərbaycan Respublikasının aeronaviqasiya sistemində rəqəmsal texnologiyaların tətbiqi üzrə texniki qərar” (“Technical Solution for Implementation of Digital Technologies in Azerbaijan ANS System”) adlı sənəd imzalanıb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ATC Data Link “hava-yer” məlumat ötürmə sistemi sayəsində AZANS bölgədə pilot və dispetçer arasında rabitə yaradılması və Azərbaycan Respublikasının hava məkanından istifadə edən aviaşirkətlər üçün meteoroloji məlumatların ötürülməsinin, aeronaviqasiya məlumatının generasiyasının asanlaşdırılması sahəsində ATIS, D-VOLMET, DCL və CPDLC kimi müasir rəqəmsal texnologiyaları istifadə etməyə başlayan ilk Hava Hərəkəti İdarəsi olmağı planlaşdırır.

Bundan başqa, “World ATM Congress 2019” çərçivəsində “Azəraeronaviqasiya” HHİ “EHANG” və “Abraham Technologies” LTD şirkətləri ilə birgə yeni nəsil pilotsuz aparatların uçuşlarının idarə olunması və nəzarət sisteminin unikal layihəsini təqdim edib.

Pilotsuz uçan aparatların uçuşlarının idarə olunması və nəzarət mərkəzi Heydər Əliyev Beynəlxalq Aeroportunda yaradılacaq. Sistem mövcud avtomatlaşdırılmış hava hərəkətinin idarə olunması sisteminə tam inteqrasiya olunacaq.

“Azərbaycan Hava Yolları”nın tərkibinə daxil olan AZANS HHİ Azərbaycan Respublikasının hava məkanında uçuşların təhlükəsizliyinin təmin edilməsini həyata keçirir. AZANS hər gün 500-dən çox hava gəmisinə xidmət göstərir, onlardan 300 hava gəmisi Azərbaycan ərazisindən keçən tranzit reyslər yerinə yetirir.

SITA aviasiya rabitəsi sahəsində geniş xidmətlər spektrini, habelə hava hərəkətinin idarə olunması üzrə həlli yollarını təqdim edir. Aviaşirkətlər və hava gəmiləri istehsalçıları ilə əməkdaşlıq edərək SITA aviadaşımalar sənayesində innovasiyaların tətbiq edilməsi məqsədilə əlavələr və xidmətlər tərtib edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.