İQTİSADİYYAT
Heydər Əliyev Beynəlxalq Aeroportunda ilk spottinq keçirilib
Bakı, 29 avqust, AZƏRTAC
Avqustun 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda “Azərbaycan Hava Yolları” (AZAL) QSC tərəfindən təşkil olunan ilk rəsmi spottinq keçirilib. Tədbirdə 30-a yaxın peşəkar fotoqraf və aviasiya fotoqrafiya həvəskarları iştirak edib.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, spotterlər “Boeing-767”, “Boeing-757”, “Airbus A340”, “Airbus A320”, həmçinin “Boeing 747F” və “İL-76” yük təyyarələrinin qalxması və yerə enməsini çəkmək üçün unikal imkan əldə ediblər. Həmçinin iştirakçılar hava gəmilərinə yerüstü xidmət prosesini və aerodrom texnikasının işini canlı müşahidə edə biliblər.
Bundan başqa, təşkil olunan ekskursiya çərçivəsində spotterlər “Airbus A340-500” təyyarəsinin sükanı arxasında əyləşə və biznes aviasiya təyyarələrinin fotoşəkillərini çəkə biliblər.
Aviasiya spottinqi - təyyarələrin fotoçəkilişi və müşahidəsi aviasiyaya və fotoqrafiyaya meyil göstərən minlərlə insanları birləşdirən həvəsdir. Aviaspottinq həvəskarları bütün dünyada hava gəmilərinin ən yaxşı kadrlarını çəkir və bölüşürlər.
Tədbirdən qısa videoreportajla “Azərbaycan Hava Yolları”nın rəsmi Facebook səhifəsində tanış olmaq olar: https://www.facebook.com/azalqsc/posts/1122641691161414