CƏMİYYƏT
Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının Novruz bayramı mərasimində təmsil olunub VİDEO
Pekin, 19 mart, AZƏRTAC
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Pekindəki mənzil-qərargahında Novruz bayramı münasibətilə mərasim təşkil edilib.
AZƏRTAC xəbər verir ki, təşkilata üzv ölkələrin, habelə qurumun müşahidəçisi və dialoq üzrə tərəfdaşı olan ölkələrin qatıldığı mərasimdə Azərbaycan da təmsil olunub.
Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Vladimir Norov, Çin xarici işlər nazirinin müavini Lı Yüçen və başqaları qədim tarixi olan Novruzun baharın gəlişini, bərabərliyi, həmrəyliyi ehtiva etdiyini bildiriblər. Qeyd olunub ki, yazın başlanmasını bildirən Novruz 3 min ildən çoxdur müxtəlif ölkələrdə bolluğun, bərəkətin, tərəqqinin rəmzi kimi bayram səviyyəsində qeyd olunur. Novruz bayramı dostluq, sülh kimi ümumbəşəri dəyərləri dünyaya yayır. Bildirilib ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib, BMT Baş Assambleyasının qətnaməsinə uyğun olaraq isə 21 mart tarixi Beynəlxalq Novruz Günü kimi qeyd edilir.
Mərasimdə BMT-nin Baş katibi Antonio Quterreşin Şanxay Əməkdaşlıq Təşkilatına Novruz bayramı münasibətilə ünvanladığı videotəbrik, habelə ŞƏT-in üzvü, müşahidəçisi və dialoq üzrə tərəfdaşı olan ölkələrin səfirlərinin videotəbrikləri nümayiş olunub.
Tədbir iştirakçıları ölkələrin milli stendləri ilə tanış olublar. Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin Çindəki səfirliyinin hazırladığı Azərbaycan stendində xalqımızın zəngin mədəniyyətinə, musiqisinə, adət-ənənələrinə, o cümlədən Novruz ənənələrinə dair əyani vəsaitlər, milli suvenirlər, şəkillər, kitab və jurnallar, əl işləri, xalçalar nümayiş olunub.
Bayram şənliyində iştirakçı ölkələrin hər biri öz mətbəxini ayrıca pavilyonlarda təqdim edib. Azərbaycan mətbəxindən plov, kabab, dolma, kükü, manqal salatına, habelə Novruz şirniyyatlarına, Azərbaycan istehsalı olan içkilərə mərasim iştirakçılarının marağı böyük olub.
Şanxay Əməkdaşlıq Təşkilatı ailəsinə aid ölkələrin musiqi və rəqslərindən ibarət konsert proqramında Azərbaycanın milli rəqsləri təqdim olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin