REGİONLAR
Heydər Əliyev Fondunun əlillərlə bağlı həyata keçirdiyi humanitar aksiyalar minnətdarlıqla xatırlanıb
Salyan, 3 dekabr, AZƏRTAC
3 dekabr - Beynəlxalq Əlillər Günü ilə bağlı Salyanda keçirilən tədbirdə ölkəmizdə əlillərə verilən imtiyazlardan danışılıb.
AZƏRTAC xəbər verir ki, bütün kateqoriyalardan olan əlillərin iştirak etdikləri yığıncaqda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan əlillərin sosial müdafiəsi ilə bağlı dövlət siyasətindən söhbət açılıb.
Əlillərin cəmiyyətin tamhüquqlu vətəndaşı kimi fəaliyyəti üçün ölkəmizdə hər cür şərait yaradıldığını deyən mərasim iştirakçıları Prezident İlham Əliyevin bu kateqoriyadan olan insanlara xüsusi qayğısını diqqətə çatdırıblar.
Qeyd olunub ki, ölkəmizdə fiziki cəhətdən qüsurlu insanlar hər il dövlət vəsaiti hesabına müalicə olunur, ölkədəki sosial reabilitasiya mərkəzlərinə göndərilir, mənzil və maşınla təmin olunurlar.
Tədbirdə əlillərin pensiya və müavinətlərinin artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi və həyata keçirilən digər tədbirlər bu kateqoriyadan olan insanlara dövlət qayğısının bariz nümunəsi kimi səciyyələndirilib, Heydər Əliyev Fondunun əlillərlə bağlı həyata keçirdiyi humanitar aksiyalar minnətdarlıqla xatırlanıb.
Mərasimdə çıxış edən əlillər onlara göstərilən hərtərəfli dövlət qayğısından razılıqlarını bildiriblər.
Sonda əlillərə maddi yardım edilib.