CƏMİYYƏT


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva IUCN və “WWF International” təşkilatlarının rəhbərləri ilə görüşüb

Bakı, 16 iyun, AZƏRTAC

İyunun 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İsveçrənin Qland şəhərində Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin (IUCN) baş direktoru Bruno Oberle və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) baş direktoru Marco Lambertini ilə ikitərəfli görüşlər keçirib.

IDEA İctimai Birliyindən AZƏRTAC-a verilən məlumata görə, IUCN-nin baş direktoru ilə görüş zamanı Cənubi Qafqaz regionunun özünəməxsus bioloji müxtəliflik nümunələrinin qorunub saxlanması ilə bağlı mövcud vəziyyət müzakirə edilib, təşkilatlar arasında tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, yeni birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti qeyd olunub.

Leyla Əliyeva IDEA İctimai Birliyinin dünyada ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən ilk və ən böyük beynəlxalq təşkilat olan IUCN-nin üzvü olmasından məmnunluğunu ifadə edib və qurumun rəhbərini Azərbaycana səfər edərək ölkəmizin zəngin təbiəti, bioloji müxtəlifliyi ilə yaxından tanış olmağa dəvət edib.

Sonra dünyanın 100-dən çox ölkəsində minlərlə təbiəti mühafizə layihəsi həyata keçirən WWF-in Baş direktoru ilə görüş keçirilib, bu təşkilatla IDEA İctimai Birliyi arasında mövcud əməkdaşlıq müzakirə edilib.

Söhbət zamanı tərəflər Azərbaycanda nadir və nəsli kəsilməkdə olan növlərin mühafizəsi və bərpasına yönəlmiş birgə səylərdən məmnunluq ifadə edərək, əməkdaşlığın getdikcə daha da sıx olacağına əminliklərini bildiriblər. Bu xüsusda, nəsli kəsilməkdə olan ceyran və bəbirlərin qorunması, eləcə də zubrların Azərbaycana reintroduksiya edilməsinə yönəlmiş birgə layihələrin uğurla həyata keçirildiyi qeyd olunub, digər nadir heyvan növlərinin çoxaldılması və təbiət areallarına qaytarılması üzrə təşəbbüslərin başlanılmasına dair razılığa gəlinib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.