REGİONLAR
“Heydər Əliyev Kuboku” uğrunda kikboksinq üzrə muxtar respublika turniri başa çatıb
Naxçıvan, 8 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş yarış yeniyetmə (2007-2009-cu illər) və gənclər (2004-2006-cı illər) arasında keçirilib. Gənclər və İdman Nazirliyi ilə Kikboksinq Federasiyasının birgə təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin dəstəyi ilə keçirilən turnirdə 16 çəki dərəcəsi üzrə 85 idmançı mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Muxtar respublikanın gənclər və idman naziri Ramil Hacı, daxili işlər naziri Rəşad İsmayılov və federasiya sədri Xəyal Abdullayev çıxış edərək bildiriblər ki, Ulu Öndər Azərbaycana rəhbərliyi dövründə digər sahələr kimi, idmana da qayğı ilə yanaşıb, idmanın inkişafı dövlət siyasətinin üstün istiqamətlərinə çevrilib, böyük idman kompleksləri, idman sağlamlıq mərkəzləri tikilib, onlardan səmərəli istifadə təmin edilib. Ötən illərdə Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı sahəsində mühüm işlər görülüb. Bu gün muxtar respublikada gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Naxçıvanda müasir idman obyektləri, idmanın müxtəlif növləri üzrə idman federasiyalarının yaradılması, gənclərin idmana olan marağını artırıb, istedadlı idmançıların yetişməsi təmin olunub.
Qeyd edilib ki, bu il aprelin 13-dən etibarən Naxçıvan Kikboksinq Federasiyası Daxili İşlər Nazirliyinin himayəsinə verilib. 2018-ci ildən bu ad altında fəaliyyət göstərən federasiya müəyyən inkişaf yolu keçib, beynəlxalq yarışlarda, turnirlərdə uğurlara imza atıb.
Çıxış edənlər idmançılara uğurlar arzulayıb, yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Sonra final görüşlərinə start verilib.
Yeniyetmələrin turnirində Elşad Cəlilov (34 kiloqram), İsa Yaqubov (37 kiloqram), Oğuz Məmmədli (42 kiloqram), Uğur Əliyev (47 kiloqram), Məhəmməd Qasımov (52 kiloqram), Ələkbər Tağıyev (63 kiloqram) və Zeynalabdin Musayev (69+ kiloqram) qalib adını qazanıblar. Gənclərin mübarizəsində Tuncay Qasımov (48 kiloqram), Şəmsəddin Əliyev (52 kiloqram), Mehman Abbasov (57 kiloqram), Səhət Əsədov (63 kiloqram), Yarəddin Cəfərov (69 kiloqram) və Qənbər Nağıyev (69+ kiloqram) uğura imza atıblar.
Qızlar arasında isə Fidan Rzayeva (47 kiloqram) və Röya Abdullayeva (52 kiloqram) turnirin baş mükafatını qazanıblar. Komanda hesabında birinci olan “Turan Döyüş Klubu” “Heydər Əliyev Kuboku”na layiq görülüb. İlk üçlükdəki idmançılar mükafatlandırılıblar.
Mükafatları gənclər və idman naziri Ramil Hacı, daxili işlər naziri Rəşad İsmayılov və federasiya sədri Xəyal Abdullayev təqdim ediblər.