REGİONLAR


“Heydər Əliyev Kuboku” uğrunda yarış başa çatıb

Naxçıvan, 20 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman dırmanması üzrə muxtar respublika turniri keçirilib. Yeniyetmə və gəncləri əhatə edən yarışda şəhər və rayon mərhələlərində ilk üç yeri tutan idmançılar mübarizə aparıblar.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yarış Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri ilə Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən birgə təşkil edilib. Yarışda Naxçıvan şəhərini təmsil edən Süleyman İsmayılov ən yaxşı göstərici ilə turnirin qalibi olub. Şahbuz idmançısı Murad Əliyev ikinci sırada qərarlaşıb. Ordubad təmsilçisi Mehdi Əliyev isə üçüncü yeri tutub.

Mükafatlandırmadan əvvəl gənclər və idman naziri Ramil Hacı və federasiya sədri Mayis Əliyev çıxış edərək Azərbaycan idmanının inkişafında Ümummilli Liderin misilsiz xidmətlərindən danışıb. Qədim idman ənənələri ilə seçilən ölkəmizdə gənc nəslin idmana cəlbinə daim önəm verilməsi, bu sahədə müasir metodların tətbiqi və qazanılan uğurların dövlət siyasətinin ardıcıl icrası sayəsində mümkün olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, bu siyasi istiqamətlər üzrə muxtar respublikada da məqsədyönlü işlər görülür. Bunun nəticəsidir ki, hər il idman infrastrukturu müasirləşdirilir, müxtəlif layihələr həyata keçirilir və nailiyyətlər qazanılır. Naxçıvanın təbii coğrafi relyefinin ekstremal idman növləri üçün əlverişli olması əsas verir ki, burada həm müvafiq idman növləri, həm də ekstremal turizm inkişaf etdirilsin.

Çıxış edənlər muxtar respublikada gənclərin hərtərəfli inkişafı və idmana göstərilən qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıqlarını bildiriblər.

Sonra qalib iştirakçıya “Heydər Əliyev Kuboku”, ilk üçlükdə qərarlaşan idmançılara diplom və hədiyyələr, həvəsləndirici yerə layiq görülənlərə isə fəxri fərmanlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.