MƏDƏNİYYƏT


Heydər Əliyev Mərkəzində dahi alman bəstəkarı Rixard Vaqnerin “Mənim həyatım” kitabının təqdimatı keçirilmişdir

Bakı, 4 aprel (AZƏRTAC, Gözəl Ağayeva). Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində dahi alman bəstəkarı Rixard Vaqnerin (1813-1883) “Mənim həyatım” kitabı Azərbaycan dilində nəşr olunmuşdur.

AZƏRTAC xəbər verir ki, aprelin 4-də Heydər Əliyev Mərkəzində kitabın təqdimat mərasimi keçirilmişdir.

Əvvəlcə mərasimdə nümayiş olunmuş videotəqdimatda Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin inkişafı və dünyada tanıdılması, eyni zamanda, dünya mədəniyyətinin Azərbaycanda təbliği istiqamətində fəaliyyətinə qısa nəzər salınmış, Rixard Vaqnerin “Mənim həyatım” kitabının Azərbaycan dilində nəşr olunması layihəsi barədə məlumat verilmişdir.

Dahi alman bəstəkarı Rixard Vaqnerin nəvəsi Eva Vaqner bu layihənin reallaşdırılmasına görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təşəkkürünü bildirmişdir.

Rixard Vaqner haqqında iki kitabın müəllifi, yazıçı Ursula Oehme, Rixard Vaqner Muzeyinin direktoru Mariya Berq, Beynəlxalq Rixard Vaqner Fondunun vitse-prezidenti Tomas Krakov dahi bəstəkarın memuarlarının Azərbaycan dilində nəşrini mühüm hadisə, Rixard Vaqnerin 200 illiyinə dəyərli hədiyyə kimi qiymətləndirmişlər.

Daha sonra təqdimat mərasimində Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin mədəniyyət və incəsənətin təbliği istiqamətində həyata keçirdiyi irimiqyaslı layihələrdən söhbət açılmışdır. Bildirilmişdir ki, “Mənim həyatım” kitabı dahi alman bəstəkarının 200 illik yubileyinə bir töhfə və azərbaycanlı Vaqnersevənlər üçün əvəzsiz hədiyyədir. Diqqətə çatdırılmışdır ki, bu kitab indiyədək 10 xalqın dilinə tərcümə edilmiş və Azərbaycan dilinin də həmin siyahıda olması çox sevindirici haldır. Qeyd olunmuşdur ki, istər dünya mədəniyyətinin Azərbaycanda, istərsə də xalqımızın mədəniyyətinin dünyada təbliği istiqamətində layihələr bundan sonra da davam etdiriləcəkdir.

Mərasimdə çıxış edən Almaniyanın ölkəmizdəki səfiri xanım Haydrun Tempel kitabın Azərbaycan dilində nəşrinə və tədbirin təşkilinə görə Heydər Əliyev Fonduna və Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirmişdir. Almaniyalı diplomat Rixard Vaqnerin kitabının Azərbaycan dilinə tərcüməsini gözəl ideya kimi yüksək qiymətləndirmiş, eyni zamanda, bu işin heç də asan olmadığını, böyük zəhmət sayəsində ərsəyə gəldiyini diqqətə çatdırmışdır. Səfir Rixard Vaqnerdən çox zəngin bir irsin qaldığını demiş, təqdimatı keçirilən kitabın isə təkcə avtobioqrafik deyil, eyni zamanda, XIX əsrin kaleydoskopu olduğunu qeyd etmişdir.

Azərbaycanda alman bəstəkarının yaradıcılığına böyük maraq və məhəbbət olduğunu, hələ 1920-ci ildə onun əsərlərinin Bakıda təqdim edildiyini diqqətə çatdıran Haydrun Tempel Heydər Əliyev Mərkəzində Azərbaycan orkestri tərəfindən onun əsərlərinin ifasına ürəkdən şad olduğunu demişdir.

Mərasimdə tanınmış bəstəkar, Xalq Artisti, Əməkdar İncəsənət Xadimi Musa Mirzəyev, Rixard Vaqnerin “Mənim həyatım” kitabının redaktoru, “Azad Azərbaycan” Teleradio Şirkətinin prezidenti Vüqar Qaradağlı layihənin əhəmiyyətindən danışmışlar.

Bildirilmişdir ki, Heydər Əliyev Fondunun yüksək zövqlə həyata keçirdiyi irimiqyaslı layihələr həm Azərbaycan, həm də dünya ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır.

Qeyd olunmuşdur ki, 2013-cü il UNESCO tərəfindən “Rixard Vaqner ili” elan olunmuşdur. Heydər Əliyev Fondu həmişə olduğu kimi, bu mədəniyyət hadisəsinə də münasibətini bildirərək, dahi alman bəstəkarının xatirələrinin Azərbaycan dilinə tərcümə olunub, nəfis şəkildə nəşr edilməsinə öz töhfəsini vermişdir.

“Mənim həyatım” kitabı Rixard Vaqnerin 200 illiyi münasibətilə çap olunmuşdur. Nəfis nəşr müəllifin üç hissədən ibarət memuarlarını əhatə edir. Oxucular kitabda böyük bəstəkar, opera sənəti islahatçısı, yazıçı və mütəfəkkir Rixard Vaqnerin kəşməkəşli ömür yolu ilə tanış ola biləcəklər. “Mənim həyatım”da müəllifin uşaqlığı, sənətə, musiqiyə sevgisinin formalaşması prosesi, gənclik macəraları, List, Berlioz, Mendelson, Spontini kimi bir çox böyük bəstəkar və musiqiçilərlə dostluq münasibətləri, sonradan ona ölməzlik qazandıran yaradıcı, bəzən ziddiyyətli fikirləri, “Loenqrin”, “Uçan hollandiyalı” kimi klassik musiqi şedevrlərinin tarixçələri əksini tapmışdır.

Kitab Rixard Vaqnerin Azərbaycan dilində nəşr olunmuş ilk əsəri kimi də qiymətlidir. Bəstəkarın yaradıcılığının pərəstişkarları və bütövlükdə ciddi musiqi ilə məşğul olan peşəkarlar üçün dəyərli mənbə olan bu nəşr, eyni zamanda, rəvan dilli və təhkiyəsi ilə bütün oxucular üçün maraqlıdır.

Kitab Azərbaycan-Avropa, Azərbaycan–Almaniya mədəni əlaqələrinin inkişafına qiymətli töhfə kimi dəyərləndirilə bilər.

Mərasimdə Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri R.Vaqnerin əsərlərindən parçalar ifa etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.