MƏDƏNİYYƏT


Heydər Əliyev Mərkəzində görkəmli bəstəkar Fikrət Əmirovun xatirəsinə həsr olunan tədbir keçiriləcək

Bakı, 24 noyabr, AZƏRTAC

Noyabrın 25-də Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli bəstəkarı, dünya musiqisində simfonik muğam janrının banisi Fikrət Əmirovun xatirəsinə həsr olunan kitabın təqdimat mərasimi və konsert keçiriləcək. Azərbaycan mədəniyyətinin yaşadılması, inkişafı və təbliği məqsədi daşıyan bu layihə Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Qeyd edək ki, “Fikrət Əmirov” kitabı bəstəkarın şəxsi arxivi əsasında hazırlanıb. Nəşrə bəstəkarın “Sevil” operası və “Min bir gecə” baletinin CD-ləri də daxildir.

Kitab Fikrət Əmirov musiqisinin köklərinin gedib çıxdığı Şuşa şəhərinin, 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində oradakı musiqi mühitinin təsviri ilə başlayır. Hadisələr xronoloji ardıcıllıqla davam etdirilir, musiqiçi Əmirovlar sülaləsinin həyat və yaradıcılıq yolu izlənilir, Fikrət Əmirovun ölməz əsərlərinin yaranma tarixçəsi, onların ərsəyə gəlməsinə səbəb olmuş mədəni mühit əks etdirilir. Kitabda görkəmli bəstəkar və əsərləri haqqında müxtəlif dövrlərdə mətbuat orqanlarında dərc olunmuş rəylər, tanınmış şəxsiyyətlərin fikirləri də toplanıb.

Heydər Əliyev Mərkəzində keçiriləcək tədbir çərçivəsində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Fikrət Əmirovun əsərlərindən ibarət konsert proqramı təqdim olunacaq. Orkestri bədii rəhbər və baş dirijor, Azərbaycanın Xalq Artisti Teymur Göyçayev idarə edəcək.

Azərbaycan musiqisinin korifeylərindən olan Fikrət Əmirov 1922-ci il noyabrın 22-də Gəncədə anadan olub. Azərbaycan peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin tələbəsi olmuş Fikrət Əmirovun yaradıcılığı müxtəlif janrları əhatə edib. Bəstəkar “Şur” və “Kürd ovşarı” simfonik muğamları ilə dünya musiqi tarixində yeniliyə imza atıb və simfonik muğam janrının əsasını qoyub. Şərq nağılları əsasında yaratdığı “Min bir gecə” baleti ona ölkə hüdudlarından kənarda da şöhrət qazandırıb.

Fikrət Əmirov 1984-cü il fevralın 20-də dünyasını dəyişib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.