MƏDƏNİYYƏT
Heydər Əliyev Mərkəzində ilk dəfə “Heksameron” əsəri təqdim olunub
Bakı, 8 mart, AZƏRTAC
Martın 7-də Heydər Əliyev Mərkəzində “Heksameron. 6 royal” adlı konsert proqramı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə altı ölkənin pianoçularının - Almaniyadan Katarina Troytler, Yaponiyadan Atsuşi İmada, ABŞ-dan Nikolas Rot, Çindən Yundi Xu, Rusiyadan Rustem Saytkulov, ölkəmizdən Murad Hüseynovun Azərbaycan və digər ölkələrin bəstəkarlarının əsərlərindən ibarət repertuarla solo çıxışları olub.
Musiqiçiləri Fuad İbrahimovun dirijorluğu ilə simfonik orkestr müşayiət edib.
Daha sonra 6 pianoçu birgə Azərbaycanda ilk dəfə olaraq məşhur “Heksameron” əsərini ifa ediblər.
“Heksameron” fortepiano üçün birgə kompozisiyadır. O, italyan bəstəkarı Vinçentso Bellininin “Puritanlar” operasından “Puritan marşı” mövzusunda 6 variasiyadan ibarətdir. Mürəkkəb tərkib hissələrini özündə birləşdirən “Heksameron” əsəri dünyada nadir hallarda ifa olunur.
“Heksameron” əsərinin adı kainatın 6 günə yaradılmasını simvolizə edir və əsərin strukturu, 6 bəstəkarın həmmüəlliflik konsepsiyası da bununla bağlıdır.
1837-ci ildə görkəmli bəstəkar və pianoçu Ferens List 5 həmkarı ilə birgə “Puritanlar” operasından “Puritan marşı” mövzusunda variasiyalar işləyib. Ferens List giriş, bir variasiya, keçid elementləri və finalı bəstələyib, həmçinin bütün pyesləri vahid bədii əsər kimi birləşdirib. Digər variasiyaların müəllifləri tanınmış bəstəkar-ifaçılar Frederik Şopen, Karl Çerni, Anri Herts, İohan Peter Piksis və Siqizmund Talberq olub.
Əsər ilk dəfə 1837-ci il martın 31-də Parisdə xeyriyyə konsertində ifa olunub. Ferens List daha sonra onu fortepiano və orkestr üçün işləyib.
Konsertdən sonra pianoçular təəssüratlarını jurnalistlərlə bölüşüb, onların suallarını cavablandırıb. Almaniyalı pianoçu Katarina Troytler bildirib ki, Heydər Əliyev Mərkəzində tamaşaçılar qarşısında çıxış etdiyi müddətdə o, olduqca xoş anlar keçirib.
Yaponiyadan Atsuşi İmada, ABŞ-dan Nikolas Rot və Rusiyadan Rustem Saytkulov Azərbaycanda olmaqlarından və bu möhtəşəm binada konsert proqramı ilə çıxış etməklərindən məmnunlarını ifadə ediblər.
Azərbaycanlı pianoçu Murad Hüseynov bildirib ki, Heydər Əliyev Mərkəzində çıxış etmək böyük məsuliyyət tələb edir. “Dünyanın müxtəlif ölkələrindən gələn ifaçıların birgə çıxışı nadir hallarda olur. Burada hər bir musiqiçi öz ifaçılıq məktəbini təmsil edir. Düşünürəm ki, konsert çox maraqlı keçdi”, - deyə M.Hüseynov qeyd edib.