CƏMİYYƏT


Heydər Əliyev Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün II “Fərqli Fərdlər” Konqresi keçirilir VİDEO

Bakı, 15 fevral, Əziz Məmmədov, AZƏRTAC

Fevralın 15-də Heydər Əliyev Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün II “Fərqli Fərdlər” Konqresi öz işinə başlayıb.

“Fərqli Fərdlər” Konqresi Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Heydər Əliyev Mərkəzinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə keçirilir.

AZƏRTAC xəbər verir ki, builki konqresin mövzusu autizmdir. “Fərqli Fərdlər” Konqresi ictimaiyyətin diqqətini autizm mövzusuna maksimum dərəcədə yönəltmək və valideyn, mütəxəssis və pedaqoqlar arasında dialoq quraraq, dövlət tərəfindən müəyyən edilmiş inklüziv cəmiyyətin genişləndirilməsi təmayülünü dəstəkləmək nəzərdə tutulub. Konqresin məruzəçiləri qismində tanınmış beynəlxalq və yerli mütəxəssislər, autizmli uşaqların valideynləri, eləcə də öz həyat və uğur tarixçələrini danışacaq autizm diaqnozlu insanlar çıxış edirlər.

Konqresdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət göstərilməsi dövlət siyasətinin əsas tərkib hissəsidir: "Xüsusi qayğıya ehtiyacı olanlar arasında autizmli uşaqlar əsas yer tutur. Belə uşaqların sosial reabilitasiyası üçün mühüm tədbirlər həyata keçirilir. Ötən dövr ərzində internat və uşaq evlərinin inkişafı layihələri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 və 2 saylı Sosial Xidmət müəssisələrində 300-ə yaxın uşağın xidmət alması üçün şərait yaradılıb. Həmçinin uşaqlar üçün yeni reabilitasiya və bərpa mərkəzləri yaradılıb. Burada il ərzində 300-ə yaxın uşaq, o cümlədən autizmli uşaqlar sosial reabilitasiya xidmətlərindən faydalanır. Bu müəssisələrdə onlara psixoloq, əmək terapevti, loqoped, özünə qulluq xidmətləri göstərilir".

Nazir müavini ölkədə həyata keçirilən sosial layihələrin sayının ilbəil artdığını söyləyərək, ötən il ərzində bu layihələrdən təxminən 9000 şəxsin, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqların bəhrələndiyini qeyd edib: "Keçən il göstərilən sosial xidmətlər arasında autizmli uşaqlara göstərilən qayğı xüsusi rol oynayır. Ötən dövr ərzində autizmli uşaqlar üçün ayrıca layihə həyata keçirilib. Bu layihədə 800-dən çox uşaq iştirak edib. Çox faydalı olan bu layihənin 2020-2021-ci illərdə də davam etdirilməsi nəzərdə tutulur. Bu layihə çərçivəsində uşaqların psixososial reabilitasiyası, fizioterapevtik müalicə və müayinə xidmətləri, sosial inteqrasiya, nevropatoloq məsləhətlərinə xüsusi önəm verilib".

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional Mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov öz növbəsində ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara qayğı ilə yanaşıldığını, problemlərinin həlli istiqamətində zəruri addımlar atıldığını bildirib.

Konqresdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva uşaq hüquqlarının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib və görülən işlərdən danışıb.

Kiçik və Orta Biznes Agentliyinin İdarə Heyətinin sədr müavini Nadir Adilov bildirib ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi üzrə ciddi nəzarət və monitorinq mexanizmi yaradılıb, bu da müvafiq dövlət qurumlarının uşaqlara dair məsələləri daha çox diqqətdə saxlamalarına səbəb olub.

BP-nin əlaqələr, xarici işlər, strategiya və region üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə vaxtında və düzgün inteqrasiyası və adaptasiyasına yönəlmiş tədbirlərin təqdirəlayiq olduğunu qeyd edib. O, təmsil etdiyi qurumun cəmiyyətin ictimai-sosial həyatında fəal iştirak etdiyini və əsasən təhsil sahəsindəki təşəbbüsləri dəstəklədiyini bildirib: “İnklüziv təhsil də belə təşəbbüslərin tərkib hissəsidir. Son layihələrdən biri “Birgə və Sağlam” İctimai Birliyi ilə həyata keçirdiyimiz “Autizm spektr pozuntusu olan şəxslərə dəstək” layihəsidir. İlk dəfə məhz bu layihə çərçivəsində autizmli şəxslər üçün milli məlumat bazasının yaradılması, o cümlədən həmin bazaya və beynəlxalq standartlara uyğun təlim modullarının hazırlanması və valideynlərin cəlb edilməsi ilə təlimlərin təşkili nəzərdə tutulub. Məqsədə çatmaq üçün layihəyə beynəlxalq ekspertlər də cəlb olunub”.

Konqres panel müzakirələrlə davam etdirilir.

Qeyd edək ki, keçənilki konqresdən sonra alınan çoxsaylı sorğuları nəzərə alaraq, bu il xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial və təhsil məsələləri ilə əlaqədar sualları cavablandırmaq üçün “Fərqli Fərdlər”də Təhsil Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyinin əməkdaşlarının fəaliyyət göstərdiyi stendlər yaradılıb.

Bu il konqresin işinə “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) könüllüləri də kömək edirlər. Konqresin gedişatında könüllülər digər beynəlxalq tədbirlərdə də istifadə edə biləcəkləri konkret bilik, dəyərli təcrübə və bacarıqlar əldə edirlər.

"Fərqli Fərdlər" Konqresinin təşkilatçıları “Caspian Event Organisers” (ceo.az) şirkəti və “Edutainment.az” təhsil strukturudur. Konqresə təşkilati dəstək verənlər və tərəfdaşlar arasında “Birgə və Sağlam” İctimai Birliyi də yer alır. “Caspian Event Organisers” şirkəti üçün "Fərqli Fərdlər" Konqresi sosial layihədir. Şirkətin tərəfdaş və sponsorları sahəsində yığılmış bütün vəsaitlər autizmli uşaqlara dəstək məqsədilə “Birgə və Sağlam” İctimai Birliyinə təqdim olunur. Həmçinin konqresin rəsmi saytında ianə vasitəsilə autizmli uşaqların reabilitasiyasına dəstək olmaq üçün xüsusi xana yaradılıb (https://ferqliferdler.az/az-makedonation/).

“Fərqli Fərdlər” Konqresinin baş tərəfdaşı qismində “BP” şirkəti çıxış edir. Tədbir, həmçinin “Holcim Azerbaijan”, “BestComp Group”, “ACE Group Consultants”, “Art Trio”, “Credo Group”, “CTS Translation”, “Maxoffset”, “Konfrans Services”, “158taxi”, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyi və Milli Hematologiya və Transfuziologiya Mərkəzi kimi şirkət və strukturlar tərəfindən dəstəklənir.

II "Fərqli Fərdlər" Konqresi fevralın 16-da bitəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.