SİYASƏT
Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağının videoproyeksiya edilməsi qardaş ölkə KİV-lərinin diqqətində olub
Ankara, 13 aprel, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağının bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunması Türkiyənin və Şimali Kiprin aparıcı KİV-ləri tərəfindən geniş şəkildə işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu yayımın ilk anlarından videoproyeksiyanı sosial şəbəkədə xoş sözlərdən ibarət mətinlə paylaşıb. Prosesi böyük sevgi ilə qarşılayan ölkə ictimaiyyətinin nümayəndələri bunu Azərbaycan-Türkiyə qardaşlığına daha bir bariz nümunə kimi dəyərləndiriblər.
Qardaş ölkənin Anadolu Agentliyində, “trthaber”, “akşam” , “milliyet”, “kibrisadahaber”, “sabah”, “yesiligdir”, “yenişafak”, “hürriyet” və digər saytlarında Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə bayrağının videoproyeksiya edilməsi ilə bağlı informasiyalar yerləşdirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara